Sentyabrın 6-da Pakistanın Azərbaycandakı səfirliyi ölkənin Müdafiə Günü münasibətilə rəsmi qəbul təşkil edib. APA-nın məlumatına görə, tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri İkramullah Masud bu günün tarixindən danışıb. O, təəssüflə bildirib ki, son 11 ildə Pakistan terrozimdən ən cox əziyyət çəkən ölkəyə çevrilib. Nəticədə 50 min pakistanlı həyatını itirib.
"Bu hadisələr ölkənin iqtisadiyyatına, ictimai həyatına böyük ziyan vurub", - deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, iki ay öncə baş nazir Nəvaz Şərifin rəhbərliyi ilə Pakistanda yeni hökumət fəaliyyətə formalaşıb. Onun sözlərinə görə, yeni hökumət Pakistanın bütün qonşuları ilə sülh şəraitində yaşamaq niyyətini açıqlayıb.
Pakistanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini deyən səfir iki ölkənin tarixi-mədəni bağlılığından söz açıb. O qeyd edib ki, Pakistan və Azərbaycanın Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birinə dəstək verməsi qarşılıqlı münasibətlərin göstəricisidir.