Dövlət başçısı qeyd edib ki, iqtisadi güc Azərbaycanın tərəfindədir: “Haqq-ədalət, tarixi həqiqət bizim mövqeyimizi müdafiə edir. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. Biz növbəti beş il ərzində bu münaqişənin həlli üçün öz ardıcıl siyasətimizi davam etdirəcəyik. İlk növbədə, dövlət siyasəti aparılacaq. İctimai qurumlar da bu işlərdə çox böyük fəallıq göstərirlər. Xocalı soyqırımını soyqırımı kimi dünyada tanıtdırmaq üçün artıq gözəl imkanlar var. Bir neçə ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu proses davam etməlidir”.
Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid etməlidir, edib, edəcək: “Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin. Beləliklə, biz münaqişənin həlli üçün bütün əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir”.
Dövlət başçısının sözlərinə görə, ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb: “Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz həllini tapmalıdır. Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər”.
Prezident İlham Əliyev münaqişənin tam şəkildə həll ediləcəyinə əmin olduğunu qeyd edərək vurğulayıb ki, ilk növbədə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır: “Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaq. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaq. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək”.