Aureliya Qriqoriu Milli Məclisin Fəxri Medalı ilə təltif edildi
31 oktyabr 2013 17:16 (UTC +04:00)

 Aureliya Qriqoriu Milli Məclisin Fəxri Medalı ilə təltif edildi

0

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu gün III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi İrəvanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa minnətdarlığını bildirib.

 

O. Əsədov qeyd edib ki, çıxışından sonra A. Qriqoriunun ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalması bir daha bu ölkənin terrorçu olduğunu sübut edib: “İşğalçı ölkənin parlamentində səsləndirdiyiniz fikirlər və qətiyyətli çıxışınız sizin Ombudsman institutuna sadiqliyinizi və ədalətli müvəkkil olduğunuzu göstərib”.

 

Sonra O. Əsədov insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri Medalını Aureliya Qriqoriuya təqdim edib.

 

A. Qriqoriu bildirib ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşüb: “Bu, faktdır və ədaləti bərpa etmək üçün bu fakt Ermənistan parlamentində səsləndirilib. Bunu gec-tez mən və ya başqa birisi söyləməli idi”.

 

Fəaliyyətində daim ədalət prinsiplərinə əsaslandığını vurğulayan A. Qriqoriu nəzərə çatdırıb ki, ermənilərin təhdidlərinə baxmayaraq, onu dəstəkləyənlərin də sayı çox olub. Xanım ombudsman ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və ölkə ictimaiyyətinə təşəkkürünü bildirib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 840

Oxşar yazılar