“Çikaqo Konvensiyasının bütün tərəfləri Azərbaycanın qərarına hörmətlə yanaşmalıdır”
“İstənilən qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə zərər vuracaq təxribatdan başqa bir şey deyil”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidenti və xarici işlər nazirinin Xocalı aeroportunun açılmasına dair bəyanatlarını APA-ya belə şərh edib.
“Azərbaycanın işğal olunmuş əraziləri üzərindən qanunsuz uçuşların həyata keçirilməsi və aeroportun qanunsuz açılışı işğal faktını və mövcud status-kvonu möhkəmləndirmək cəhdidir. Bu isə öz növbəsində həm danışıqlar prosesinə, həm Minsk Qrupunun formatına neqativ təsir göstərə və regionu təhlükəli məcraya yönəldə bilər”.
Elman Abdullayev qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib: “Azərbaycan hələ 1993-cü ildə işğal olunmuş əraziləri üzərindəki hava məkanının uçuşlar üçün bağlanması məqsədilə İCAO-ya müraciət edib. Çikaqo Konvensiyasının bütün tərəfləri Azərbaycanın bu qərarına hörmətlə yanaşmalıdır. Konvensiyanın müvafiq maddəsinə əsasən Azərbaycanın bu hava məkanından istifadəyə dair suveren hüququ var”.