İstanbulda “Türk dünyasının birləşməsində Türkiyə və Azərbaycanın rolu” mövzusunda toplantı keçirilib. APA-nın məlumatına görə, Türk ocaqları mərkəzi İstanbul şöbəsinin təşkil etdiyi toplantıda çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva Türkiyə-Azərbaycan münasibətlərinin Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin üzərində qurulduğunu vurğulayaraq, digər türk ölkələrin bu münasibətlərdən örnək aldığını xatırladıb.
Türk dövlətlərinin daha güclü ortaq gələcək qurmasının vacibliyindən bəhs edən millət vəkili, bu sahədə gənclərin üzərinə önəmli vəzifələr düşdüyünə diqqəti cəlb edib. Türk dünyasında ciddi sıxıntılar mövcud olduğunu və problemlərin ölkələr arasındakı sıx əməkdaşlıqla aradan qaldırıla biləcəyini vurğulayan Qənirə Paşayeva “Gəncliyimiz sərhədlərüstü düşünməyi öyrənməlidir” deyib. Türk ocaqları mərkəzi İstanbul şöbəsinin təşkil etdiyi toplantıda Aydınlar ocağının keçmiş başqanı, İstanbuldan olan keçmiş millət vəkili Nevzat Yalcintaş və Türk ocaqları mərkəzinin İstanbul şöbəsinin başqanı Cezmi Bayram da çıxış edib.