Böyük Britaniyanın “The Times” qəzetinin bu günkü manşetində Azərbaycana qarşı inanılmaz iftira yer alıb.
Lent.az-ın verdiyi məlumata görə, qəzet Suriyada bir xəstəxanada 5 həftə könüllü çalışmış David Nott adlı həkimin müsahibəsini dərc edib.
David Nott Suriya ordusunun nişançılarının hamilə qadınları hədəf seçdiklərini, bir gün onların qarın nahiyəsini, bir gün boyunlarını, bir gün ayaqlarını hədəf kimi müəyyənləşdirdiklərini bildirib: “Ərzaq almaq üçün çıxan və gülləyə tuş gələn hamilə qadınlardan biri səhər xəstəxanaya gətiriləndə, gün ərzində xəstəxanaya gətiriləcək digər hamilə qadınların da bədənlərinin hansı nahiyələrindən vurulacağını təxmin etmək olurdu. Sanki bir oyun oynayırdılar. Həyatımda ilk dəfə elə bir şey görürəm. Nişançıların yetərli sayda hədəf vurduqdan sonra siqaretlə mükafatlandırıldıqlarını eşitdik”.
David Nott bu hamilə qadınların Bəşər Əsəd rejimi tərəfindən pul müqabilində Çin və Azərbaycandan gətirilmiş nişançılar tərəfindən vurulduğuna dair söz-söhbətlərin şahidi olduğunu da iddia edib. Qəzet isə bu iddianın təsdiqini tapmadığını qeyd edir.
Ancaq bununla belə, David Nottun bu absurd iddiası təsadüfi sayıla bilməz. Çünki sirr deyil ki, Suriyadakı erməni diasporu Bəşər Əsəd rejimini dəstəkləyir və hökumət qüvvələrinin tərkibində suriyalı ermənilər yetərincədir. Digər tərəfdən, bir neçə azərbaycanlının Suriyada müxaliflərlə Suriya ordusuna qarşı döyüşdüyü barədə xəbərlər də yeni deyil. Belə olan halda, David Nottun “The Times” qəzetinə müsahibəsində Azərbaycanın adının mənfi planda hallandırılması Bəşər Əsədin erməni əsgərlərinin vəhşiliyini ört-basdır etmək cəhdindən başqa bir şey ola bilməz. Böyük ehtimalla, David Nott erməni lobbisi tərəfindən Azərbaycana ləkə yaxmaq üçün şirnikləndirilib.