“Bu gün Azərbaycan hakimiyyəti vətəndaşlara informasiyanın sərbəst əldə olunması üçün bütün imkanları yaradıb, ölkədə internet azaddır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir, onlarla internet-radiolar, eyni sayda internet-televiziyalar, yüzlərlə elektron qəzet və jurnallar mövcuddur, əhali arasında Facebook, Twitter, Instagram kimi sosial şəbəkələr olduqca populyardır. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub”. Lent.az-ın məlumatına görə, bunu AzərTAc-a verdiyi müsahibəsində Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Onun sözlərinə görə, artıq prezident seçkisinə gedən namizədlər və onların təşviqat qrupları internetdə sosial şəbəkələr vasitəsilə geniş təbliğat işi aparırlar: “Hətta ayrı-ayrı şəxslərin Facebook, Twitter səhifələrində paylaşdıqları statuslar media, qəzet səhifələrində əksini tapır. Bu faktın özü Azərbaycanda internetin nə qədər azad məkan olduğunu göstərir. Eyni zamanda, bu dəfəki prezident seçkisində 1000-ə qədər seçki məntəqəsində vebkameraların quraşdırılması, ölkədə, xaricdə olmasından asılı olmayaraq, hər kəsə seçkinin gedişatı ilə sərbəst tanış olmaq imkanının yaradılması prosesin şəffaf keçirilməsinə online nəzarət olmaqla yanaşı, həm də Azərbaycanda açıq cəmiyyətin, internet şəffaflığının bariz nümunəsidir”-deyə, Aslanov əlavə edib.
PA rəsmisinin sözlərinə görə, bu gün ölkədə ən yeni texnologiya – 4G tətbiq edilir. Dövlət internet mediasının inkişafını, internetdə fikir və söz azadlığını, sosial şəbəkələrin genişlənməsini dəstəkləyir: “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da internetin imkanlarından daha geniş yararlanmaq, qabaqcıl texnologiyaları Azərbaycana gətirməyi davam etdirmək kimi mühüm hədəflər müəyyən edilib”.