Sentyabrın 12-13-də Batumidə "Şərq Tərəfdaşlığı" ölklərinin çoxtərəfli əməkdaşlığın II platforma çərçivəsində - “İqtisadi inteqrasiya və Avropa İttifaqının siyasəti ilə uyğunluğun təmin edilməsi" mövzusunda görüş keçiriləcək. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, tədbirdə "Sərbəst məşğulluq və sahibkarlıq" mövzusunda İşçi Qrupun biznesin inkişafı (II laboratoriya) üzrə iclası da keçiriləcək.
Görüş Avropa Komissiyasının "Avropa təhsil fondu", Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirliyi, habelə Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirliyinin dəstəyi ilə təşkil edilib.
Görüşdə "Avropa Təhsil Fondu" , Avropa İttifaqına üzv ölkələrin və “Şərq Tərəfdaşlığı” ölkələrinin (Azərbaycan, Belarus , Moldova, Gürcüstan, Ermənistan və Ukrayna) nümayəndələri iştirak edəcək.
İşçi Qrupun məqsədi Avropa Birliyinə üzv ölkələr arasında sərbəst məşğulluq və biznesin inkişafı ilə bağlı məsələlər üzrə təcrübə mübadiləsi, biznes sektoru arasında əməkdaşlığın dərinləşməsi, təhsil müəssisələrinin və biznes təşkilatlarının müasir yanaşmaları və ən yüksək təcrübələri, həmçinin regional əməkdaşlığın dərinləşməsi barədə məsləhətləri öyrənməkdir.