“Satış faktiki olaraq dayanıb”-MÜSAHİBƏ
21 may 2014 21:39 (UTC +04:00)

“Satış faktiki olaraq dayanıb”-MÜSAHİBƏ

- Qəzetlərinizin durumu necədir?

 

- Sizə qeyri-adi bir söz deyə bilməyəcəm. Qəzetlərin reklamı yoxdur, yayım sistemi pozulub, satış faktiki olaraq dayanıb. Ona görə də müstəqil şəkildə qəzet saxlamaq, fəaliyyəti davam etdirmək mümkün deyil. Problem və hazırkı durum bundan ibarətdir.

 

- Vəziyyətdən çıxmaq üçün bir planınız varmı, yoxsa vəziyyətlə barışmısınız? Maliyyə mənbələri tapmaq üçün cəhd edirsinizmi?

 

- Artıq məndən heç nə asılı deyil. Mən öz qəzetimə reklam verəsi, qəzeti özümə satası deyiləm, bunlar mümkün olan məsələlər deyil. Xarici qrantlara ümid bəsləməyə də dəyməz, çünki qrant da yoxdur.

 

- Oxucularınızdan bir dəstək varmı, qəzetlərinizə kömək etmək üçün təşəbbüs göstərirlərmi?

 

- Oxucuların təşəbbüsü ola bilməz, çünki bunun üçün hansısa qurum olmalıdır, oxucular təşkilatlanmalıdır. Amma oxucuların buna imkanları yoxdur. Sadəcə olaraq mənə yazırlar ki, möhkəm olun, özünüzü qoruyun, çalışın qəzetlərin çapını davam etdirəsiniz, çünki biz bu qəzetləri oxumaq istəyirik. Oxucular bundan artıq nə kömək edə bilərlər? Yəni söhbət yalnız mənəvi dəstəkdən gedə bilər. Oxucuların qəzetə köməyi yalnız belə olur ki, qəzet alırlar və bu da redaksiyanın maddi durumuna təsir edir. Amma Azərbaycanda qəzet satışı sistemi məhv edilib. Qəzet satılmırsa, oxucu onu haradan alsın?

 

- “Zerkalo” qəzetini gündəlikdən həftəliyə keçirdiniz. Həftəlik formatı uzun müddət saxlamaq mümkün olacaqmı?

 

- Proses onu göstərir ki, çox çətin olacaq. Amma indi dəqiq bir söz deyə bilmərəm. Hər dəqiqənin öz hökmü var. Bəlkə sabah birdən-birə hansısa möcüzə baş verdi, reklam başımızdan aşdı, satış da bərpa olundu. Ümid möcüzəyə qalıb. Bilirsiniz, mənim əlimdən nə gəlir edirəm, bacardığımı ortaya qoyuram. Bacardığımı etmişəm, edirəm, bundan sonra da edəcəm. Amma vəziyyət elə həddə çatıb ki, insanın bacarığından, mövqeyindən, çalışmaq imkanlarından asılı olmayaraq heç nə etmək olmur.

 

- Siz Azərbaycanda orta xətt təmsilçilərindən biri sayılırsınız. İqtidarın da, müxalifətin də mövqeyini işıqlandırırsınız, inqilabın əleyhinə olduğunuzu bildirirsiniz, eyni zamanda cəmiyyətdə islahatların aparılmasına çağırırsınız. İndi isə əməkdaşınız Rauf Mirqədirov çox ağır ittihamla həbsdədir, qəzetləriniz bağlanmaq təhlükəsi ilə üz-üzədir. Nə baş verdi ki, belə bir durum yarandı?

 

- Bizim mövqeyimizi orta xətt kimi qiymətləndirdiniz. Amma siyasətdə orta xətt olmur. Sadəcə olaraq mən jurnalist kimi bütün məsələlərə peşəkarlıq nöqteyi-nəzərindən yanaşıram. Müxalif fikri də, qarşı tərəfin mövqeyini də işıqlandırmağa, bizim özümüzün də qəbul etdiyimiz Peşə Davranışı Qaydalarına əməl etməyə çalışıram. Görünür, elə bir vəziyyətdir ki, ölkədə baş verənlər haqda xəbər yayanda problemlər yaranır. Hətta hadisələr haqda xəbər yaymaq belə problemdir. Gərək heç nədən yazmayasan, susasan. Problemin kökündə bu durur.

 

Mən bir işin qulpundan yapışanda onu əməlli-başlı görməyə öyrəşmişəm. Yalandan nəsə edəcəksənsə, o işdən ümumiyyətlə əl çəkmək daha məsləhətdir. Hesab edirəm ki, bütün baş verənlər də bunun nəticəsidir.

 

- Elçin bəy, sizə mövqeyinizi dəyişmək, qəzetləri daha loyal formada dərc etmək təklif olunmuşdumu?

 

- Həyatda çox şey olur, amma bəzən də konkret heç nə olmur. Orada müəyyən şərtlər var ki, onlar mənim üçün məqbul deyil.

 

- Çətinliklə üzləşən ictimai-siyasi fəallar bəzən çıxış yolunu mühacirətə getməkdə görürlər. Mühacirətə getmək planınız varmı?

 

- Mən çox xarici dövlətdə olmuşam, həqiqətən də çox gözəl ölkələr var. Onların yaşam tərzlərini də görmüşəm. Suala uzun cavab verməyəcəm, bir atalar sözü söyləyəcəm: Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bizi qəbul edəcək, başa düşəcək, sözümüzün keçəcəyi yer ancaq öz torpağımızdır. Başqa ölkəyə gedib baş girləmək olar, amma bu, adama ləzzət vermir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

Oxşar yazılar