“Şotlandiya-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir”.
Bunu Böyük Britaniya Parlamentinin Şotlandiyadan olan millət vəkili Angus MacNeyl (Angus MacNeil) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) suallarını cavablandırarkən deyib.
O, Azərbaycanın regionda söz sahibi və iqtisadi lokomotiv rolunda çıxış etdiyini qeyd edib.
A. MacNeyl həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Qərbin Azərbaycana daha artıq dəstək göstərməsinin və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edən BMT qətnamələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın ərazisi demək olar ki, Şotlandiyanın ərazisi ilə eyni ölçüdədir. Azərbaycan Qərbin müttəfiqidir və ötən 19 il ərzində BP-nin başçılıq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AİOC) vasitəsilə Avropanı qaz və neftlə təmin edib.
Azərbaycan və Şotlandiyanın enerji ekspertləri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Şotlandiyada BP-nin 2500-dən artıq əməkdaşı var ki, ötən illər ərzində onların arasında yüzlərlə azərbaycanlı işçi də yer alıb. Həmçinin, Bakıda çalışan şotland mütəxəssislərin də sayı yüzlərlədir. Hazırda Azərbaycan Şotlandiyanın neft-qaz sənayesinin təchizatı üçün avadanlıq ixrac etdiyi ölkələrin sırasında 6-cı yerdə durur. Şotlandiyanın “Wood Group”, “RBG”, “Highland Rope Access International” və “Fergusson Seacabs” kimi aparıcı şirkətləri Azərbaycanda fəaliyyət göstərir”.
O, Azərbaycanın regional lider və güclü iqtisadi potensiala malik ölkə olduğunu deyib: “Azərbaycanın Böyük Britaniya ilə əlaqələri daha da genişlənərək dərinləşməyə doğru istiqamət götürəcək. Belə ki, Şotlandiya şirkətləri enerji sahəsində böyük nailiyyətlərin əldə olunmasına verdikləri töhfəni iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün də səy göstərəcək. Bu əlaqələrin daha da genişlənməsi üçün Qərb Azərbaycanı daha da aktiv dəstəkləməli və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının hələ də icra olunmamış 4 qətnaməsinə uyğun olaraq həllini təşviq etməlidir”.