“Milli Şura lap biabırçı olacaq”
29 may 2013 13:08 (UTC +04:00)

“Milli Şura lap biabırçı olacaq”

“Eyni adamlar müxtəlif təşkilatlarda 1-2 ay təmsil olunmaqla, adını dəyişməklə indiyə qədər heç bir uğur qazana bilməyiblər.

 

Bundan sonra da belə olacaq. Milli Şura lap biabırçı olacaq”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın elan olunmasına münasibət bildirərkən deyib.

 

YAP rəsmisi bildirib ki, müxalifət Milli Şuradan əvvəl bir neçə təşkilat yaratsa da, heç bir perspektivi olmayıb və Milli Şuranın da taleyi yaranan digər birliklərin taleyi kimi olacaq: “Milli Şuradan əvvəl Ziyalılar Hərəkatı, Ziyalılar Forumu, İctimai Palata yarandı. İctimai Palata iki il fəaliyyət göstərdi. Amma nəyə nail oldu, nə ortaya çıxardı? Heç nə. Biz əvvəlcədən demişdik ki, İctimai Palatanın, bu təşkilatların heç bir perspektivi yoxdur. Çünki orada təmsil olunan insanları hamı tanıyır. Milli Şurada İctimai Palatanın vəziyyətinə düşəcək. Ondan da betər olacaq. Çünki Milli Şuraya toplanan insanlar eyni insanlardır və o insanlar öz partiyaları tərəfindən nüfuzunu itirdiklərinə, partiya tərəfindən dəstək qazana bilmədiklərinə və öz siyasi partiyalarında onların namizədliyinin irəli sürülməsinə etiraz olunduğuna görə ayrı-ayrı təşkilatlar vasitəsilə istəyirlər ki, öz namizədliklərini irəli sürsünlər. Bu baxımdan ortada heç bir perspektiv yoxdur”.

 

S.Novruzovun sözlərinə görə, müxalifətin Milli Şuranı 28 may - Respublika Günündə elan etməsi onu 1918-ci ildə yaradılmış Milli Şuraya oxşatmaqdan başqa bir şey deyil: “Belə bir atalar misalı var: “Ördək qaz yerişi yeriyəndə, öz yerişini də itirər”. İndi bunlar da istəyirlər ki, qaz yerişi yerisinlər, amma öz yerişlərini də itirəcəklər. Yəni bu insanların özlərinin heç bir ideyası, məqsədi yoxdur. Vaxtilə Ukraynada narıncı inqilab baş verəndə müxalifət nümayəndələri də paltarını dəyişərək narıncı geyinməyə başladılar və özlərini onlara oxşatdılar. Lakin heç bir nəticəsi olmadı”.

 

S.Novruzov qeyd edib ki, Rusiyanın müəyyən dairələri Milli Şuranın yaradıcılarına maliyyə dəstəyi göstərəcəklərini vəd edir: “Rusiyanın müəyyən dairələri, müəyyən adamlar müxalifətə vəd verir ki, onlara 5-10 manat pul verəcəklər. Bu insanlar da 5-10 manatın eşqinə öz partiyalarını, ideologiyalarını, öz partiyalarının qarşıya qoyduğu nizamnamə müddəalarını sataraq, ancaq bu məbləğin dalınca qaçmaqla məşğuldurlar. Ona görə də adlarını, rənglərini, sifətlərini dəyişsələr də, bu insanları bütün cəmiyyət tanıyır və kim olduqlarını bilir. Ona görə də bu şəxslərin təmsil olunduğu Milli Şuranın da heç bir perspektivi yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar