Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu) yaxın vaxtlarda təmirə bağlanacaq.
Bu barədə APA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumat verib.
Onun sözlərinə görə, stadion AHİK-in nəzdindəki İdman Təşkilatları Assosiasiyasının balansındadır.
Stadionun təmirə nə vaxt bağlanacağının hələlik dəqiqləşmədiyini deyən N. Ağamirov stadionun məşqlər üçün yararsız vəziyyətə düşdüyünü deyib: “Əslində, stadionun təmir olunması xeyli müddətdir ki, gündəmdədir. Prezident seçkiləri ərəfəsində stadionda yığıncaqlar, mitinqlər təşkil edildiyindən, stadion istər təmizlik, istərsə də digər cəhətlərdən bərbad vəziyyətə düşüb. Bu baxımdan stadionda təmir işlərinin aparılması qərara alınıb”.
N. Ağamirov Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 27-də sözügedən stadionda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciətinə də münasibət bildirib: “Həmkarlar İttifaqları Konfederasiyası hər hansı tədbirin, mitinqin keçirilməsini həll edən təşkilat deyil. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin bu stadionda keçirilməsini qərara alsa, mitinq orada keçirilə bilər”.