“Hürriyet”in bir yanlışına CAVAB
21 oktyabr 2013 18:08 (UTC +04:00)

“Hürriyet”in bir yanlışına CAVAB

Heydər Əliyev Parkı Ankaranın ən möhtəşəm və abad istirahət məkanıdır

 

Heydər Əliyev Parkı Ankaranın Batıkənd rayonunda Türkiyə paytaxtının ən gözəl istirahət məkanıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün salınan bu park ankaralıların və paytaxtın qonaqlarının ən çox xoşladıqları yerdir.

 

Təəssüf ki, Azərbaycanın böyük nailiyyətləri dünyada bəzi dairələr tərəfindən qısqanclıqla qarşılandığı kimi, bu möhtəşəm park da hətta qardaş ölkədə belə bəzi insanlarda narahatlıq hissi yaratmışdır.

 

Türkiyənin “Hürriyet” qəzetinin Ankara üçün 14 oktyabr tarixli buraxılışında “Xatirə ormanı zibilliyə çevrildi” sərlövhəli xırda xəbərlə bağlı araşdırma aparmaq üçün İstanbuldan Türkiyə paytaxtına yola düşdüm. Həqiqətdən uzaq və əsassız xəbəri ölkəmizi istəməyən bədxahlar, xüsusilə erməni mətbuatı gecikmədən yaymışdı.

 

Əvvəlcə qeyd edim ki, sərlövhəyə çıxardığım cümləni Heydər Əliyev Parkının yaxınlığında görüşdüyüm pensiyaçı müəllim Tahsin Akbulut söylədi. Buradakı sakinlər etiraf etdilər ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu gözəl parkın və yenidən qurulmuş orta məktəbin sayəsində ərazidəki evlərin qiymətləri də yüksəlmiş, məhəllə Batıkənd rayonunda ən prestijli yerə çevrilmişdir. 2012-ci ilin dekabrında parkın və məktəbin yenidən qurulmasından sonra keçirilmiş açılış mərasimində türkiyəli nazirlər və xarici ölkələrin Ankarada akkreditə olunmuş səfirləri də heyranlıqlarını gizlətməmişdilər.

Bəs “Hürriyət” bu xəbəri nəyin əsasında yazmışdır? Araşdırmalardan sonra müəyyən etdim ki, əslində söhbət Heydər Əliyev Parkının yaxınlığında yerləşən boş ərazidən gedirmiş. Bu ərazinin xatirə ormanı adlandırılması və guya 7 il əvvəl əkilmiş 8 min ağacın quruması faktları tamamilə yalandır. Ümumiyyətlə, sənədlərin heç birində Heydər Əliyev Xatirə Ormanı deyilən bir yer yoxdur. Bunu Batıkənd bələdiyyəsi və Türkiyənin Orman Müstəşarlığının bölgə müdiri də təsdiq etmişdir. Həmin boş ərazinin gələcəkdə idman kompleksi tikintisi üçün istifadə olunacağı da bildirilir. Hələlik isə, burada spirtli içkilər içən gənclər toplaşır ki, bu da yaxınlıqdakı evlərin sakinlərinin narazılığına səbəb olur.

 

Bütün bunlardan sonra aydınlaşdırmaq lazım gəldi: Bu ərazinin Azərbaycan və Heydər Əliyev Parkı ilə nə əlaqəsi var? Sakinlər və rayon rəsmiləri ilə qısa söhbətdən sonra, necə deyərlər, “xoruzun quyruğu göründü”. Sən demə, buradakı bəzi insanlar mətbuata yanlış məlumat verməklə bu ərazini də Azərbaycanın maliyyə vəsaiti hesabına abadlaşdırmaq istəyirlərmiş. Yaxınlıqdakı göz oxşayan və ən modern standartlara cavab verən Heydər Əliyev adına orta məktəb və möhtəşəm Heydər Əliyev Parkını görən bu insanlar qonşu ərazini də Ulu Öndərimizin xatirə ormanı adı altında gözəlləşdirmək fikrinə düşmüşlər.

 

Ankaranı gəzdiyim zaman yol boyu gördüyüm məktəb binaları, parklar, o cümlədən xarici ölkə liderlərinin adına salınmış istirahət məkanları məndə belə bir qənaət yaratdı: həqiqətən, gözəlliyi ilə seçilən, Ulu Öndərimizin müdrik siyasəti nəticəsində qüdrətli dövlətə çevrilən Azərbaycanın qardaş ölkənin paytaxtındakı bu nişanələrini qısqanmağa dəyər. Çünki bu şəhərdə belə möhtəşəm park və məktəb yoxdur.

 

Oqtay Bayramov

(AzərTAc)   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973
avatar

Oxşar yazılar