Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Heydər Əliyev və Türk Dünyası” adlı ədəbi-bədii gecə keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva Heydər Əliyevin Azərbaycan və Türk Dünyası qarşısında xidmətlərindən söz açıb və onun 90 illik yubileyi münasibəti ilə keçirilən tədbirin adına diqqət çəkib: “Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının fəxr etdiyi böyük dövlət və siyasət xadimidir. Onun işıqlı xatirəsi qəlbimizdədir.
Təsadüfi deyil ki, biz bu tədbiri həm də 3 may – türkçülük günü ərəfəsində keçiririk. Heydər Əliyevin adı, böyük əməlləri türkçülüyə töhfədir və necə deyərlər, hər iki əlamətdar səbəblə bura yığışmağımız bu günü bizim üçün daha da əziz edir”.
Şimali Kipr Türk Respublikasının millət vəkili, sabiq nazir Zorlu Töre çıxış edərək bu cür tədbirdə iştirak etməsindən məmnunluq duyduğunu ifadə edib və ŞKTR-nin paytaxtı Lefkoşada mərkəzi küçələrdən birinin Heydər Əliyevin adının daşıdığını deyib. Sonra millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov çıxış edərək, Heydər Əliyevin zəngin və örnək irsindən, Türk Dünyası miqyasında, ümumən dünya miqyasında düşüncə və fikirlərindən, o düşüncə və fikirlərin gerçək həyata tətbiqindən danışıb.
Daha sonra xalq şairi Zəlimxan Yaqub, şairlər İlyas Tapdıq, Əkbər Qoşalı, akademik Teymur Bünyadov, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Seyid Ahmet Arslan çıxış ediblər.