Elman Abdullayev: “Azərbaycan narkotik vasitələrin işğal olunmuş ərazilərdən tranziti ilə bağlı narahatlığını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında ifadə edib”
“Ermənistan başqa ölkənin ərazisi üçün qərar verərək növbəti dəfə beynəlxalq hüquqa hörmətsizliyini həyasızcasına nümayiş etdirir. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Ermənistanın baş naziri Tiqran Sarkisyanın BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə idarəsinə Dağlıq Qarabağ ərazisindən narkotiklərin tranziti məqsədilə istifadə olunduğuna dair iddialarla bağlı araşdırma aparılmasını təklif etməsinə münasibət bildirərkən deyib. E. Abdullayev qeyd edib ki, Azərbaycan narkotik vasitələrin işğal olunmuş ərazilərdən tranziti ilə bağlı narahatlığını dəfələrlə beynəlxalq təşkilatlar, o cümlədən BMT qarşısında ifadə edib.
Xatırladaq ki, T. Sarkisyan öz təklifini BMT baş katibinin müavini, Narkotiklər və cinayətkarlıq üzrə idarənin icraçı direktoru Yuri Fedotovla görüşündə irəli sürüb.