“Fəaliyyət göstərdikləri 1997-ci ildən bəri onlardan situasiyanın dəqiq qiymətləndirməsini almaq mümkün olmayıb”
Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov ATƏT-in monitorinqi zamanı təmas xəttində baş verən insidentə münasibət bildirib. APA-nın xəbərinə görə, A. Əzimov atəşkəs pozuntusunun tez-tez müşahidə olunmasından və erməni tərəfinin bu cür provokasiyalar törətməsindən təəssüfləndiyini bildirib: “Əvvəla, belə pozuntular təəssüf ki, heç də gözlənilməz hadisə deyil. Bu, artıq praktikaya çevrilib, erməni tərəfi hər gün bu cür provokasion addımlar atır. Bu dəfə monitorinq zamanı atəş açılması və müşahidəçilərin olduğu bir vaxtda atəşkəs rejiminin pozulması da bu provokasiyaların davamıdır. Bizim buna münasibətimiz əlbəttə ki, mənfidir”.
Bununla yanaşı, diplomat qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin və onun səhra köməkçilərinin fəaliyyət göstərdikləri 1997-ci ildən bəri onlardan situasiyanın dəqiq qiymətləndirməsini almaq mümkün olmayıb: “Belə bir qiymətləndirmə bir neçə il əvvəl olsa, bəlkə də bu gün heç kim monitorinq zamanı atəşkəsi pozmağa cürət etməzdi. Hörmətli Kasprşik və onun səhra köməkçiləri mənə məlum olmayan hansısa səbəbdən atəşin istiqamətini və ümumiyyətlə, dəfələrlə üzləşdikləri situasiyanı müəyyənləşdirməkdə çətinlik çəkirlər. Yəqin cəzasızlığın nəticəsi olaraq belə hallar baş verir”.
A. Əzimovun fikrincə, dəqiq qiymət verməkdən bu cür yayınmaq yalançı neytrallığın və qərəzsizliyin təzahürüdür: “Bununla onlar atəşkəs pozuntularının davam etməsinə şərait yaratmış olurlar”.
Nazir müavini bəyan edib ki, ən düzgün adım işğal altındakı ərazilərdən qoşunların çıxarılması, o ərazilərin azad edilməsi və situasiyanın normallaşdırılması üçün konkret addımların atılması olardı.