Son illər Azərbaycan Respublikasında turizmin inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və respublikanın turizm potensialının beynəlxalq aləmdə tanınması , çoxsaylı turist səfərlərinin təşkili istiqamətində ardıcıl, məqsədyönlü, strateji inkişaf xətti götürülüb. Bu öhdəliklər isə turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyində təcəssüm olunub. Respublikamız turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Turizmin inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin turizm imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır.
Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur. Bu baxımdan, turizmin inkişafı istiqamətində qarşıya qoyulan əsas məqsədlərdən biri kimi “elektron viza”nın tətbiqinin Respublikamız üçün müsbət nəticələrini aşağıdakı kimi vurğulamaq olar:
- inkişaf etmiş ölkələrin təcrübəsində son zamanlar geniş istifadə edilən “elektron viza” Azərbaycana turist axınının genişlənməsinə səbəb olacaq;
- Azərbaycana gələn əcnəbilərə “elektron viza”nın 20 dollar məbləğində müəyyənləşməsi maddi baxımdan da problemlərin yaşanmayacağı qənaətinə gəlməyə əsas verir;
- ölkəyə gələn əcnəbilərin sayının çoxalması Respublikamızın turizm potensialının tanınması nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir;
- eyni zamanda turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması və geniş şəkildə tətbiqi reallaşacaqdır;
- dünyanın qabaqcıl turizm şirkətləri ilə əməkdaşlıq turizm sahəsində zəngin təcrübəsi olan dövlətlərin imkanlarından istifadənin səmərəliliyini artıracaq;
- Azərbaycanda turizmin beynəlxalq standartlara uyğun şəkildə inkişafına real zəmin yaranacaq;
- ölkənin strateji mənafeyinə cavab verə biləcək müasir turizm sisteminin inkişafında həlledici rol oynayacaq;
- turist axınının genişlənməsi isə dövlət büdcəsinin formalaşmasına, ticarət balansının sabitləşməsinə həlledici təsir göstərən amil olacaqdır;
- ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar açılacaq.
Məlumdur ki, ölkənin turizm potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır. Azərbaycan Respublikasında tətbiq olunan turizm siyasəti məhz iqtisadi inkişafa yönləndirilir. Qarşıda duran əsas vəzifə Azərbaycanın dünyada yalnız neft ölkəsi kimi deyil, eyni zamanda zəngin turizm potensialı, əlverişli coğrafi mühitin hakim olduğu bir dövlət kimi tanınmasıdır. Təsadüfi deyildir ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə çalışır. Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbir və toplantıların keçirilməsi, respublikaya turist səfərlərinin ildən-ilə artımı isə bu siyasətin müvəffəqiyyətinin göstəricisidir. “Bakı Ekspo” sərgi və toplantı mərkəzində “AİTF-2013” XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin bu ilki nəticələri də belə deməyimizə əsas verir ki, il-ildən Azərbaycanın turizm potensialına maraq artır, beynəlxalq səviyyəli turizm şirkətləri, assosiasiyaları tərəfindən dəstək verilir.
Qəmbər Qəmbərli
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"
İctimai Birliyinin fəalı