“Mən ortaya konkret faktlar qoymuşam. Bu insanın savadı, siyasi təcrübəsi çatmır. Ola bilər bu, rejissor olsun, amma onun siyasətdən başı çıxmır, bu sahələrdə naşı adamdır. Mənim arqumentlərimi cavablandıra bilmir, təhqirə keçir. Təhqir eləməyə qalanda onun yeddi qatına elə təhqir edərəm, yeddi qatından, nəslindən nəcabətindən keçər. Sadəcə olaraq, mənim aldığım tərbiyə buna yol vermir”. Bunu “Yeni Müsavat”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “El” Hərəkatının üzvü Eldəniz Quliyevin onunla bağlı dediklərinə münasibət bildrirərkən söyləyib.
Qeyd edək ki, E. Quliyev S. Novruzovun üslubunun qüsurlu olduğunu, onun YAP rəhbərliyində təmsil olunmasından təəssüfləndiyini bildirib.
S. Novruzov isə deyib ki, E. Quliyev kimi ziyalını qəbul etmir: “O tərbiyədə olan ziyalı Azərbaycana lazım deyil. Bu adamda tərbiyə yoxdur. Eldəniz Quliyev kimi adam ziyalı olmayıb, olmayacaq da. Bu, Azərbaycanda heç vaxt qəbul olunmayıb. Azərbaycanın tanınmış ziyalıları, hörmətli insanları var. Bu adam öz peşəsində axırıncı pillədədir. Öz sahəsində yer qazana bilməyən 50-60 ildən sonra özünü tamam başqa bir sahəyə soxmaq istəyir və çalışır ki, burda onu irəli gedən insan kimi qəbul eləsinlər. Gedib Kinostudiyadan istənilən rejissordan bunun haqqında soruşa bilərsiniz. İşi ancaq demaqogiya, Mərkəzi Komitə rəhbərlərindən ora-bura yazmaq olub. Bunu keçmişdə üç dəfə işdən qovublar. İnsan öz peşəsində uğur qazana bilməyəndə özünü ora-bura vurur, belə insanlar yarımçıq adamlardır. Kimin haqqında bir söz deyib hamısı təhqirdir”.
Heç kəsi təhqir etmədiyini bildirən YAP funksioneri “EL” hərəkatı, Milli Şura ilə bağlı münasibətini söylədiyini xatırladıb: “Mən deyirəm ki, EL qrupdur, ictimai-siyasi hərəkat deyil. O gün vəzifə təyinatları olub. Hamısı vəzifə başındadır, bəs bunlar kimə rəhbərlik edəcəklər? Biri şöbə müdiri, biri aparat rəhbəri, biri müavin. Yerdə kim qaldı? Növbəti adamlarını göstərsinlər də.”
“El” Hərəkatında təmsil olunanları “ora-bura qovulmuş insanlar” adlandırması ilə bağlı suala cavabında isə S. Novruzov sözünün üstündə dayandığını bildirib: “Eldar Namazov qovulmayıb? Qovulub. Rüstəm İbrahimbəyovu Kinematoqrafçılar İttifaqından qovmadılar? Qovdular. Qovulublar da, yaxşı bəs bunun adını nə qoyaq?”