“Azərbaycanla İranın münasibətlərinə xələl vurmaq istəyən qüvvələr var”
30 aprel 2013 12:05 (UTC +04:00)

“Azərbaycanla İranın münasibətlərinə xələl vurmaq istəyən qüvvələr var”

İranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə İran parlamentinin sədri Əli Laricaninin görüşünün detalları məlum olub.


 

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə Ə. Laricani bildirib ki, İran daima Azərbaycanın sabitliyi, suverenliyi və müstəqilliyinin mühafizəsini, bu ölkə xalqının səadət və tərəqqisini arzulayır. Spiker Azərbaycanla İran arasındakı tarixi və mədəni bağlılıqlara da toxunub: “Biz Azərbaycan xalqı ilə dostluqda möhkəmik. İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsini dəstəkləyir. Region ölkələri öz problemlərini bir-biriləri ilə yaxından əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdir. Bu baxımdan İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır”.

 

R. Mehdiyev isə öz növbəsində səfərdən razı qaldığını bildirərək, İranı Azərbaycanın dostu və qardaşı adlandırıb: “Azərbaycan və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycanın tarixini İranın ümumi tarixinin önəmli bir hissəsi hesab etmək olar. Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar, böyük potensiallar və mənafelər qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bundan da faydalanmaq lazımdır”.

Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, iki müsəlman ölkənin dinc qonşuluq münasibətlərinə, dostluq əlaqələrinə xələl vurmaq istəyən xarici qüvvələr var: “Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır”.

 

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev aprelin 29-da İrana səfər edib. O, səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və prezident Mahmud Əhmədinejadla da görüşüb. Səfər S. Cəlilinin dəvəti ilə gerçəkləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar