“Hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi qüdrətini təşkil edir, bu regionda sərmayələrin 75 faizi Azərbaycana yatırılır. Azərbaycan regionda əsas iqtisadi gücə çevrilir. Eyni zamanda Azərbaycan Asiya üçü bir qapıdır”.
APA-nın məlumatına görə, bu barədə Ceymstaun Fondunun prezidenti Qlen Hovard Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” 2-ci Forumda çıxışı zamanı deyib.
Azərbaycanın qoşulduğu enerji layihələri barədə məlumat verən Qlen Hovard bildirib ki, ölkə Avropaya doğru irəliləyir.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan Ceymstaun Fondun prezidenti bildirib ki, Azərbaycana və Gürcüstana münaqişələrdən sonra böyük zərbə dəyib. Onun sözlərinə görə, Qarabağdakı vəziyyət təhlükəli olaraq qalır: “ABŞ Cənubi Qafqazda təhlükəsizliyinin təmin edilməsinin vacibliyini anlayır, lakin bu məsələyə çox böyük diqqət yetirmir. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə qarşı məqsədyönlü siyasət hər iki ölkəni enerji resurslarından gələn gəliri Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri nəticəsində yaranmış qaçqın və məcburi köçkün ordusunun problemlərinin həllinə sərf etməyə məcbur edib. Lakin Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın iqtisadi liderinə çevrilməyi bacarıb”.