AvroNest PA-nın vitse-prezidenti Avropa Parlamentini Azərbaycanda gizli təxribat və iğtişaş planlaşdırmaqda ittiham edib
AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şults, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon, ATƏT PA prezidenti Ranko Krivokapiç, AvroNest PA həmprezidentləri Y. Kirilov, B. Tarasyuk, Prezidentlər Konfransının və Avropa Parlamentinin üzvlərinə müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hələ bu ilin iyul ayının əvvəllərində Azərbaycan seçkilərin müşahidə ediləcəyi ölkələrin siyahısına salınmadıqda biz hesab edirdik ki, ölkədə ciddi problemlərin olmamasını nəzərə alaraq Avropa Parlamenti Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiyası göndərməmək qərarına gəlib. O zaman hətta mən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizin bu addımınızı Azərbaycanda problemlərin olmaması kimi qiymətləndirmişdim. Çünki adətən beynəlxalq təşkilatlar seçkilərdə müşahidə missiyalarını problemlərin çox olduğu ölkələrə göndərir. Bu gün isə sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlib.
Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlayıb və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərib. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişib və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar verib. Bundan sonra Yaşıllar Partiyası istisna olmaqla, Avropa Parlamentində fəaliyyət göstərən bütün qruplar və siyasi fraksiyaların təmsil olunduğu müşahidə missiyası formalaşıb.
Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinmiş və seçkilərin nəticələrini gözləmişdir. Seçkilərin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı prezident seçkilərini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının seçkiləri qiymətləndirmə bəyanatından sitat gətirirəm: “Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçkilər azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmişdir”.
Görünür, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənib və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkilərin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil edib. Görünür Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri 10 oktyabrda ATƏT sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unudub və bəlkə də elə bunlardan da qəzəblənib. Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün - Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq, AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlament deputatlarından formalaşmış İnsan Haqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır.
ATƏT/DTHİB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi var - özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək... Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaq.
Bu gün Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycanın təkidli tələblərindən sonra 23 ildən artıq dövr ərzində işğal olunmuş torpaqlarımız haqqında icra olunmayan və Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən Qətnamələrlə beynəlxalq ictimaiyyəti və Azərbaycan xalqını aldadır. Avropa Parlamentinin prezidenti Martin Şults mənə yazdığı cavab məktubunda deyir: “Bu mürəkkəb məsələni Azərbaycan və Ermənistanın özü həll etməlidir”. Bu absurddur.
Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-ya söykənərək böhtanlar atmaq sizlərin Sovet diktaturası adlandırdığınız rejimdə belə olmamışdır. Bizdə belə bir xalq məsəli var: “Özünə nüfuz etməyən, başqasına nüfuz edə bilməz”.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.