“Avropa Şurası daha çox qeyri-siyasi formada fəaliyyət göstərir”
02 oktyabr 2013 20:05 (UTC +04:00)

“Avropa Şurası daha çox qeyri-siyasi formada fəaliyyət göstərir”

 Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland çıxış edib.


 

APA-nın Avropa bürosunun məlumatına görə, baş katib təqdim etdiyi illik hesabatında qurumun insan hüquqları və demokratiyaya dair fəaliyyətini və gələcək perspektivləri açıqlayıb.

 

O, daha çox hazırda təşkilatın əsas problemli məsələsi olan Avropa Birliyi-Avropa Şurası münasibətləri, eləcə də AŞ daxilində və Avropa İnsan Haqları Məhkəməsində islahatlar haqda danışıb: “Avropa Şurasının xüsusiyyətləri çox fərqli və orijinallığı ilə seçilir. Biz 47 ölkənin birləşdiyi panavropa təşkilatıyıq. Avropa Birliyi bilməlidir ki, bu təşkilat müəyyən sərhədlər çərçivəsində fəaliyyətini göstərir, üstəlik daha çox siyasi və iqtisadi məsələlərlə məşğuldur. Avropa Şurası isə bütün Avropa məkanını əhatə edir. Biz öz xüsusiyyətlərimizdən istifadə etməliyik. Bunlardan biri və ən əsası odur ki, biz Avropa məkanında yeganə panavropa təşkilatıyıq ki, konvensiya üzərində qurulmuşuq. Nəzərinizə çatdırım ki, Avropa Şurası öz fəaliyyətini siyasiləşdirmir. Biz daha çox qeyri-siyasi formada fəaliyyət göstəririk. Bizim əsas işimiz təşkilatımızın bəzi ölkələr üçün ziddiyyətli olan hüquqi normalarını bu ölkələrdə tətbiq etməkdir. Hansı siyasi qrupa aid olduğuma dair mənə sual veriləndə və ya məndən siyasi baxışlarımı soruşduqda, mən sadəcə Avropa Şurasına və İnsan Haqları Konvensiyasına aid olduğumu bildirirəm. Avropa - budur mənim siyasi baxışım. Avropa Şurasının konvensiyasını, yaxud monitorinq prosesini siyasiləşdirməyə yönəlmiş hər hansı bir cəhd, konvensiya sistemi heç bir müsbət bir şey gətirməyəcək. Biz öz qərarlarımızı hüquqi normalar üzərində və qeyri-siyasi formada qururuq. Bu da bizim gücümüzdür. Bu baxımdan biz təşkilatımız daxilində aparılan islahatları daha da gücləndirməli, əsas tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirməliyik”.

 

T. Yaqland üzv ölkələrlə münasibətlərə də toxunub. Azərbaycana gəldikdə, baş katib bir həftədən sonra ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırlayıb. “Azərbaycanda bir həftədən sonra prezident seçkiləri keçiriləcək və biz bu ölkə ilə işlərimizi davam etdiririk. Cənubi Qafqaz ölkələri ilə apardığımız fərqli fəaliyyət planlarımız bir neçə əməkdaşlıq proqramını əhatə edir və bu ölkələrdə hələ də vacib olan bu və ya digər sahələrdəki islahatların aparılmasına yönəlib. Bu fəaliyyət planlarının həyata keçirilməsi və bu islahatların aparılması üçün biz əlimizdən gələn hər şey edirik”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119
avatar

Oxşar yazılar