“ATƏT-də müşahidə məsələsində ikili və çoxüzlü yanaşma mövcuddur”
18 oktyabr 2013 12:09 (UTC +04:00)

“ATƏT-də müşahidə məsələsində ikili və çoxüzlü yanaşma mövcuddur”

 “ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində sırf ABŞ Dövlət Departamentinin qərəzli mövqeyinə dair fikir söylənilməyib”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

 

Vitse-spikerin sözlərinə görə, sessiyada Azərbaycanda keçirilən prezident seçkilərinə qərəzli mövqe bəsləyənlərin ədalətsiz yanaşmasına açıq təpkilər göstərilib: “ Ümumilikdə qeyd edilib ki, seçkilərin demokratik, şəffaf və ədalətli olduğunu inkar etmək obyektivlikdən uzaqdır. Çıxışlarda aşkar şəkildə bildirilib ki, ATƏT-in daxilində müşahidə məsələsində ikili və çoxüzlü yanaşma mövcuddur. Məsələn, seçkiləri müşahidə etmək üçün Almaniyaya 2, Azərbaycana 300, Ukraynaya 800, Rusiyaya 1000 nəfərdən çox nümayəndə göndərilir. Anlaşılan deyil ki, bu seçim hansı kriteriyalara və ya əsaslara görədir? Bu məsələ də kəskin tənqid obyektinə çevrilib”.

 

B. Muradova vurğulayıb ki,  ABŞ-da bir çox hallarda seçki məntəqələrinə müşahidəçilər buraxılmır: “Yeri gəlmişkən, sessiyada iştirak edən Almaniya nümayəndə heyətinin üzvü Helqa Daub bu məsələylə bağlı maraqlı faktlar söyləyib. O, ABŞ-da keçirilən və Obamanın qələbəsi ilə başa çatan seçkilərdə müşahidəçi olub. Helqa Daub qeyd edir ki, onun da iştirak etdiyi heyət müşahidə prosesi çərçivəsində Texas ştatında olub. Prosedur qaydalarına görə, hər müşahidəçi qrup 10 məntəqədə olmalı idi. Lakin Helqa Daubun iştirak etdiyi müşahidəçi qrupu 8 seçki məntəqəsinə buraxılmayıb, qalan 2 məntəqənin hər birinə daxil olduqda isə Obamanın böyük şəklini görüblər. Qeyd edilib ki, bu, yolverilməz haldır. Amma müşahidəçilərin iradı qətiyyən nəzərə alınmayıb. Heç ATƏT/DTİHB-in bu ölkədəki missiyası da bu fakta məhəl qoymayıb”.

 

MM-in sədr müavini onu da bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursu sayəsində Azərbaycan ötən 10 ildə çox böyük uğurlar əldə edib: “Bütün bunların sayəsində bu seçkilərin də favoriti İlham Əliyev idi və dövlətimizin başçısı növbəti dəfə qələbə qazanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar