Prezident İlham Əliyev seçkilərin nəticələrinin dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymət hesab etdiyini qeyd edib: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirib. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilib və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini verib”.
Dövlət başçısı 10 il əvvəl birinci dəfə prezident vəzifəsinə seçilərkən, xalqın ona etimad göstərəcəyi təqdirdə, Heydər Əliyev siyasətinə sadiq qalacağına söz verdiyini xatırladıb: “Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi”.
Prezident İlham Əliyev Azərbaycan xalqında Azərbaycanın bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəyinə qəti inam olduğunu qeyd edərək bunu son on ilin tarixi ilə əsaslandırıb: “On ildə Azərbaycanda sabitlik qorundu. Biz Müstəqillik Gününü qeyd edərkən bir daha müstəqilliyimizin ilk illərinə qayıdırıq və görürük ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz”.
Dövlət başçısı müstəqilliyin ilk illərinin çox ağır keçdiyini, Azərbaycanın böyük fəlakətlərlə üzləşdiyini xatırladaraq, gənc müstəqil dövlətin o zaman uçurum kənarında durduğunu qeyd edib: “Heydər Əliyev siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı bu ağır vəziyyətdən xalqımızı, dövlətimizi çıxara bilib və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ona görə sabitliyin qorunması son on il ərzində prioritet məsələ kimi daim gündəlikdə idi. Sabitliyin qorunmasında əlbəttə ki, dövlət siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas rol oynayıb”.
“Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bildik. Son on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr bizim hamımızın yaxşı xatirindədir. Qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar bizim ətrafımızda baş verən hadisələr idi. Biz öz siyasətimizlə, qətiyyətimizlə Azərbaycan xalqını və Azərbaycan dövlətini bu bəlalardan qoruya, müdafiə edə bilmişik. Beləliklə, son on il ərzində də Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb”, deyə prezident İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev qeyd edib ki, təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz: “Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirib və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılıb”.
Dövlət başçısı son on ildə Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə getdiyini qeyd edərək Azərbaycanın demokratiya yolu ilə uğurla addımladığını və seçkilərin nəticələrinin, seçki prosesinin yüksək səviyyədə keçməsinin demokratiyanın təntənəsi olduğunu vurğulayıb: “Azərbaycanda bütün azadlıqlar təmin edilib. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə gedib. Son on il ərzində iqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması da ölkəmizin uğurlu inkişafını şərtləndirib”.
Prezident Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olduğunu qeyd edib: “Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim edib. Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirib və dinamik inkişafa imkan verib”.
Son on il ərzində Azərbaycanın beynəlxalq əlaqələrinin böyük dərəcədə gücləndiyni, genişləndirildiyini qeyd edən dövlət başçısı Azərbaycanın son on il ərzində 39 ölkədə səfirlik açdığını və hazırda səfirliklərin sayının 57-yə çatdığını vurğulayıb: “On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açıb və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatıb. Beynəlxalq təşkilatlarla münasibətlərdə Azərbaycan öz prinsipial mövqeyini daim müdafiə edir və qoruyur. Biz on ildə bir neçə mötəbər beynəlxalq təşkilatın üzvü olmuşuq və bu təşkilatlarda öz maraqlarımızı müdafiə edirik”.
Prezident İlham Əliyev, eyni zamanda, ikitərəfli formatda aparılan xarici siyasətin də uğurlu olduğunu qeyd edib: “Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyildi”.
Dövlət başçısı bəyan edib ki, Azərbaycanın siyasəti, addımları, xoş niyyəti və xarici siyasətinin əməkdaşlıq üzərində qurulması ölkəyə böyük dostlar düşərgəsi qazandıra bilib: “Təsadüfi deyil ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilib. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edir və son iki il ərzində biz bu təşkilatda öz prinsipial mövqeyimizlə, ədalətli addımlarımızla və beynəlxalq hüquqa olan hörmətimizlə daha da böyük nüfuz qazana bilmişik”.