“Rusiyadakı vəziyyətlə bağlı Ümumrusiya Azərbaycanlıları Konqresində (ÜAK) yaradılmış “qaynar xətt”ə 100-ə yaxın müraciət daxil olub”. Bunu Lent.az-a açıqlamasında ÜAK-ın icraçı direktoru İlqar Hacıyev bildirib. Onun sözlərinə görə, müraciətlər həm Rusiyada yaşayan soydaşlarımız, həm də Azərbaycandakı vətəndaşlar tərəfindən edilib: “Müraciətlər əsasən həm vətəndaşlarımızın narahatlığı, həm də Rusiyada yaşayan soydaşlarımızın incidilməsi ilə bağlıdır. Bu cür müraciətlər tək Moskvadan deyil, Rusiyanın digər regionlarından da edilir”.
İ. Hacıyevin sözlərinə görə, məsələlərlə bağlı Rusiyanın müvafiq qurumlarına müraciətlər edilib: “Elə qurumlar var ki, bizim haqlı mövqeyimizi müdafiə etsələr də, bəziləri bunun əksini edir”.
ÜAK rəsmisi onu da vurğulayıb ki, Konqres daima vətəndaşlarımızın müraciətini dinləməyə hazırdır.
“Moskvada hazırda vəziyyət sakitdir. Onu da qeyd etməliyəm ki, Rusiyadakı soydaşlarımız həm millətçilər, həm də polislər tərəfindən incidilir ”-deyə, İ. Hacıyev əlavə edib.
Qeyd edək ki, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda “qaynar xətt” fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı “qaynar xətt” vasitəsilə (24 saat ərzində) Ümumrusiya Azərbaycan Konqresindəki qərargaha zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilərlər.