“Səudiyyə Ərəbistanı Krallığı və bütün islam ölkələri adından bildirmək istəyirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyimizi heç zaman əsirgəməyəcəyik, həmişə Azərbaycanı dəstəkləyəcəyik”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçıları ilə görüşündə Səudiyyə Ərəbistanının əmək nazirinin müavini Mofarrej əl-Hoqubani bəyan edib.
Mofarrej əl-Hoqubani həmçinin Azərbaycanda yüksək inkişafın şahidi olduğunu deyərək ölkəmizdə gördüklərinin digər dövlətlər üçün nümunə olduğunu qeyd edib. “Azərbaycan, əlbəttə ki, Asiyanın və Qafqazın mirvarisidir və Sizin ölkənizdə bütün sahələrdə əldə olunmuş nailiyyətlər digər ölkələr üçün nümunədir. Əlbəttə ki, əldə olunmuş bütün bu nailiyyətlərdə Sizin, Zati-alinizin böyük rolu, böyük əməyi var. Biz Azərbaycanda olduğumuz müddətdə özümüzü ölkəmizdəki kimi hiss edirik”.
Mofarrej əl-Hoqubani qeyd edib ki, Azərbaycan xalqı çox tolerant bir xalqdır, tolerantlığın nümunəsidir. “Biz burada özümüzü dostlarımız, qardaşlarımız arasındakı kimi hiss edirik. Bir daha bu gözəl təşkilatçılığa görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.