YAP mitinqdə baş verənlərlə bağlı MSK-ya müraciət edəcək
23 sentyabr 2013 13:41 (UTC +04:00)

YAP mitinqdə baş verənlərlə bağlı MSK-ya müraciət edəcək

Siyavuş Novruzov: “Mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib”


 

Yeni Azərbaycan Partiyası (YAP) Milli Şuranın namizədi Cəmil Həsənlinin ötən gün keçirdiyi təbliğat-təşviqat mitinqində baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacaq.

 

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

S. Novruzov qeyd edib ki, ötən gün keçirilən mitinqdə çıxış edənlər nəinki Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozub, hətta bundan xüsusi zövq aldıqlarını da nümayiş etdiriblər: “Mitinq kifayət qədər aşağı səviyyəli idi. Ora yığışanlarını sayının çox olması ilə bağlı yalan informasiyalar yayırlar, amma maksimum 1000-1500 nəfər olardılar. Əksəriyyəti özlərinin qohum əqrəbası, ordan-burdan yığılmış, ayrı-ayrı təşkilatların üzvü olan adamlar idi.

 

Diqqət çəkən isə o idi ki, çıxış edən hər bir kəs Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, digər normativ hüquqi aktların tələblərini ciddi şəkildə pozmaqdan sanki xüsusi zövq alırdılar. Aydın görünürdü ki, çıxış edənlərin hər biri seçki ərəfəsində təxribat yaratmaq istəyir. Çıxışlarda söyüşlər, əxlaqa zidd çağırışlar yer alırdı ki, bu da Seçki Məcəlləsi və digər qanunvericiliklə tamamilə qadağandır. Eyni zamanda mitinq üçün razılaşdırılmış vaxt başa çatandan sonra dağılmamaq, yürüş və sair çağırışlarla xüsusi provokasiya hazırlanırdı. İstəyirdilər ki, polis onlara müdaxilə eləsin, təxribat yaransın. Bunu ora toplaşan, gənclərdən ibarət təxminən 50 nəfərlik qrup edirdi. Bütün bunlar bir daha sübut etdi ki, dünənki mitinq tamamilə təxribat xarakterli idi”.  

 

YAP funksioneri deyib ki, sadaladıqları faktların hamısı qeydə alınıb: “Xüsusilə də mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib. Hər bir fakt üzrə MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq. MSK da buna görə bilavasitə cavabdehlik daşıyır”.

 

Qeyd edək ki, MSK mitinqdən əvvəl İctimai TV-dəki çıxışına görə Cəmil Həsənliyə artıq ciddi xəbərdarlıq edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1528
avatar

Oxşar yazılar