Səfir Linn Treysi
23 sentyabr 2021 11:05 (UTC +04:00)

Səfir Linn Treysi

Unutqan səfir, kef çəkən həmsədr...

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyəsən unutqandı; status məsələsinin arxivə atılıb axı. Xanım səfir neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini bildirib: “Biz Dağlıq Qarabağın statusunu həll edilmiş hesab etmirik, hesab edirik ki, bu məsələlərin həlli üçün iki ölkə arasında hərtərəfli nizamlanma lazımdır”.

Xanım səfirin yadına salaq ki, Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalaması və kapitulyasiya aktını qəbul etməsi ilə bitib. Azərbaycan Qələbə qazanıb və bu gün Dağlıq Qarabağ adlanan ərazi subyekti, münaqişə və digər bu kimi məsələlər gündəmdə deyil.

Bugünkü siyasi gündəmi isə ona xatırladaq: Hazırkı dövrdə gündəlikdə sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək məsələləri durur. Yəni hər şey bu qədər sadə. ABŞ səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır. ABŞ səfiri isə artıq olmayan məsələ üzərində regionda sülh istiqamətində fəaliyyəti pozan açıqlamalar verir.

Xanım səfirin yadına salaq ki, ABŞ münaqişənin mövcud olduğu 30 il ərzində nə güc mərkəzi, nə də ATƏT Minsk Qrupunun həmsədrlərindən biri kimi onun ədalətli həlli istiqamətində bir dəfə də olsun əməli addım atmayıb. Vaşinqtonun bütün cəhdlər məsələnin konservasiyasına yönəlmişdi. Təsadüfi deyil ki, ATƏT Minsk Qrupunda Amerikadan olan nümayəndələri orta səviyyəli, heç bir səlahiyyətə malik olmayan, hətta öz rəhbərləri tərəfindən belə qəbul edilməyən şəxslər olublar.

Bunu elə özləri etiraf edirlər. Amerikalı keçmiş həmsədr Riçard Hoqlandın etirafları yadınızdadırmı? Sitat: “Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü... Müvəqqəti həmsədr olmağı təklif edəndə əvvəlcə bir az tərəddüd etdim, Dövlət Departamentində belə bir vəzifə karyera yüksəlişi kimi qəbul edilmirdi. Açığı, bu vəzifəni tam hüquqlu səfir təyin olunmağı gözləyən diplomat, yaxud təqaüdə çıxana qədər işləməsi lazım olan biri tuturdu”.

Axı hamıya gün kimi aydındı ki, ABŞ Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susub, göz yumub. Ermənistanın törətdiyi bütün biabırçılıqlar və özbaşınalıqlarını görməzliyə vurub. Bu gün Amerika səfirinin belə bəyanatlar verməsi Vaşinqton erməni lobbisinin maraqlarını Cənubi Qafqaz regionun daşımağa cəhdinin sübutudu.

30 illik passiv müşahidəçi olan ABŞ-ın bu gün belə mövqe nümayiş etdirməyə, tələblər irəli sürməyə mənəvi haqqı yoxdur. ABŞ Suriya, Liviya, Əfqanıstandakı iflasından, ən yaxın müttəfiqlərindən biri olan Fransaya xəyanətindən sonra bu tipli iddialar irəli sürmək haqqını itirib. ABŞ bu mövqeyini davam etdirəcəyi təqdirdə, Azərbaycan hər hansı səviyyədə ATƏT Minsk Qqrupu formatında keçirilən görüşlərdən imtina etməlidir. Ən doğrusu da bu olardı.

# 2388
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar