Ramiz Rzayev vəkillərdən narazıdır - “Düzgün şikayət yaza bilmirlər”
11 yanvar 2021 21:24 (UTC +04:00)

Ramiz Rzayev vəkillərdən narazıdır - “Düzgün şikayət yaza bilmirlər”

Ali Məhkəmənin sədri Ramiz Rzayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktub göndərərkən vəkillərin fəaliyyətindən narazılığını bildirib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Rzayev məktubunda qeyd edib ki, vəkillər əsassız və düzgün tərtib edilməyən kassasiya şikayətləri ilə Ali Məhkəmənin kollegiyalarında mövcud iş yükünü artırırlar.

Sədr bildirib ki, aparılmış təhlil nəticəsində vəkillər tərəfindən kassasiya şikayətlərinin tərtibatı zamanı prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsi, qanunda nəzərdə tutulmayan əsaslarla əlavə kassasiya şikayətlərinin verilməsi müəyyən olunub.

Ramiz Rzayev bu pozuntuları sübut edən vəkil şikayətlərindən ibarət nümunələri də Kollegiyaya göndərib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Ali Məhkəmə sədri Ramiz Rzayevin məktubu və göndərdiyi nümunələri analiz edərək belə qərara gəlib ki, vəkillər tərəfindən kassasiya və əlavə kassasiya şikayətləri tərtib edilərkən prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilib.

Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov bunun əsasında vəkil qurumlarına və fərdi vəkillərə tövsiyə xarakterli məktub göndərib.

A.Bağırov bildirib ki, şikayətlər verilərkən məhkəmənin adı və ünvanı, şikayət verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri düzgün yazılmalıdır.

A.Bağırov qeyd edib ki, Ali Məhkəmə tərəfindən təqdim olunmuş bəzi kassasiya şikayətlərinin məzmunundan görünür ki, vəkillər tərəfindən sadəcə olaraq qanunvericiliyin müddəaları sadalanıb, lakin həmin müddəaların barəsində şikayət olunan məhkəmə qərarı ilə əlaqəsi əsaslandırılmayıb.

VK sədri bildirib ki, vəkillər kassasiya şikayətləri tərtib edərkən qanunvericiliyin müddəalarına formal olaraq istinad edilməsinə yol verməməlidirlər.

Ali Məhkəmənin məktubunda göstərilib ki, bəzi kassasiya şikayətlərində tələbin nədən ibarət olmasını müəyyən etmək mümkün olmur. Bəzi hallarda, məhkəmə aktının şikayət verənin xeyrinə aid olan hissədə də tam ləğvi və iş üzrə yeni qərarın qəbulu xahiş edilir.

VK sədri vəkillərdən xahiş edib ki, şikayətin nəticə hissəsində mübahisələndirilən məhkəmə aktının hansı hissədə dəyişdirilməli və ya ləğv edilməli olması dəqiq göstərilməli və bununla bağlı yol verilən xətalar aradan qaldırılmalıdır.

VK-ya təqdim edilən nümunələrdən aşkar olunub ki, cinayət işləri üzrə vəkillər tərəfindən tərtib olunmuş kassasiya şikayətlərində məhkuma bəraət verilməsi ilə bağlı bəraət hökmünün çıxarılmasını xahiş edirlər.

Ali Məhkəmə tərəfindən hökm deyil, yalnız qərar qəbul edilməsi nəzərdə tutulduğu vəkillərin diqqətinə çatdırılıb.

Ramiz Rzayev məktubunda qeyd edib ki, bəzi vəkillər tərəfindən əlavə kassasiya şikayətinin bir dəfə geri qaytarılmasına baxmayaraq, eyni əsaslarla təkrarən verilməsi hallarına rast gəlinir.

Həmçinin, vəkillərə tövsiyə olunur ki, qanunda müəyyən olunmuş konkret əsaslar mövcud olmadığı təqdirdə aidiyyəti olmayan, formal şikayətlərin verilməsindən çəkinsinlər.

Anar Bağırov sonda qeyd edib ki, göstərilən nöqsanlar üzrə vəkillərin iştirakı ilə videokonfrans formatda iclaslar keçirilməli və istinad olunan nöqsanlar və tövsiyələr qurumda olan bütün vəkillərin iştirakı ilə müzakirə edilməlidir.

Anar Bağırov bununla bağlı Azadlıq Radiosuna açıqlamasında bildirib ki, bütün peşələrdə olduğu kimi, vəkillər arasında da istisnalar ola bilər: “Tək vəkillər yox, bəzən hakimlər də məhkəmə qərarlarında səhv edirlər. Əks halda, heç bir məhkəmə qərarı yuxarı instansiya tərəfindən ləğv olunmazdı”.

# 2910
avatar

Oxşar yazılar