Radikal müxalifətin Qarabağ "dərdi": Onlar niyə narahatdılar? - Şərh
10 sentyabr 2021 14:48 (UTC +04:00)

Radikal müxalifətin Qarabağ "dərdi": Onlar niyə narahatdılar? - Şərh

İllərdir eyni şeyi deyirlər. İllərdir cığal uşaqlar kimi tutduqlarından yapışıblar. Nə ölkənin imici maraqlarındadı, nə Qarabağ.

Ötən il Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi və Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun qələbəsi belə onlar üçün manipuliyasiya mövzusudur.

İllər boyu “hakimiyyət işğal olunmuş əraziləri azad etmək iqtidarında deyil” tezisini gündəmdə saxlamağa çalışan radikal qüvvələr 44 günlük müharibədən sonra da bu həssas mövzunu istismar etməyə cəhd göstərirlər.

“Müharibə bitməyib, torpaqlar azad olunmayıb” kimi tezisləri Ermənistandakı revanşist qüvvələr və onların xaricdəki havadarları ilə yanaşı, Azərbaycandakı radikal müxalifət də səsləndirir. Həm ölkədəki, həm “mühacirətdəki” qanadın müharibədən sonrakı əsas tezisləri budur;

- Qələbədən dərhal sonra zəfərin gözdən salınması, etibarsızlaşdırılması prosesi başlayıb və bu gün də davam edir;

- Həm Azərbaycandakı, həm də “mühacirətdəki”  radikal müxalifət Ermənistandakı revanşist qüvvələrin ortaya atdığı ən xırda və əhəmiyyətsiz xəbəri də dərhal sosial şəbəkələr vasitəsilə şişirdərək gündəmə çevirməyə cəhd edirlər.

Onlar qondarma respublikada guya baş tutacaq 2 sentyabr hadisələrini də maraqla izləyirdilər, əllərindəki resurslarda, sosial şəbəkələrdə israrla bu mövzunu gündəmə gətirmək istəyirdilər. Amma radikal müxalifətin bütün arzuları puç oldu.     

2 sentyabr  - mövcud olmayan və 44 gün ərzində darmadağın edilmiş “Arsaxın müstəqilliyi günü” ərəfəsində Azərbaycandakı məlum qüvvələr bütün diqqəti bu mövzuya yönəltməyə çalışdılar. Amma göründüyü kimi, əvvəlki illərdə Yerevandan və xaricdən gələn “qonaqların” iştirakı ilə keçirilən “genişmiqyaslı bayram tədbirləri” bu il baş tutmadı.  Bu istiqamətdə qaldırılmış lazımsız səs-küy nəyə xidmət edirdi?

Radikal müxalifət hələ də 44 günlük müharibədən sonra yaranmış reallığı dərk etmir və bu yanaşmada erməni revanşistlərindən fərqlənmir - hər iki siyasi qüvvə “Qarabağ kartı” kimi həssas mövzudan istifadə edərək gündəmdə qalmağa cəhd edir.

Radikallar ya prosesləri doğru analiz etmirlər, baş verənlərdən nəticə çıxarmırlar, məsələnin mahiyyətini dərk etmək qabiliyyətində deyillər, nə baş verdiyini anlamırlar və onilliklər boyu olduğu kimi, hələ də boş hay-küy və isterika ilə hərəkət edirlər, ya da ki bilərəkdən Azərbaycan dövlətini və xalqını hədəf götürüblər.

1992-93-cü ildə dövləti də bu cür isterika ilə “idarə edib” ölkəni xaos içində qoyub qaçanlar, bu gün Azərbaycanın regiondakı yerini və rolunu qəbul etmək istəmirlər. 

Azərbaycan 1992-93-cü illərin məğlub ölkəsi yox, qalib dövlətdir və qarşıya çıxan maneələri hay-küy və isterik çığırtı ilə deyil, ağıl, səbr, təmkinlə, öz gücünə həll edir.

Radikal müxalifət hələ də bu reallığı başa düşmək istəmir. Hələ də 90-ların ab-havasından çıxa bilmirlər. Hələ də anlamırlar ki, Azərbaycan indi dünyanın ən güclü ordularından birinə malikdir. Dünyada sayılan dövlətlərdəndir. Və bu dövlət həm də onlarındı. Heç olmasa, Dövlət və Dövlətçilik anlayışınız olsun.

Amma çətin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar