Azərbaycanın Müstəqillik Günü Türkiyədə qeyd olundu - FOTO
28 may 2022 13:28 (UTC +04:00)

Azərbaycanın Müstəqillik Günü Türkiyədə qeyd olundu - FOTO

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi Ankarada 28 May - Müstəqillik günü və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirib.

Azərbaycanın Türkiyədəki Səfirliyindən Lent.az-a verilən məlumata görə, çoxsaylı dövlət və hökumət rəsmilərinin, ictimai xadimlərin, diplomatların və ölkədə yaşayan azərbaycanlıların iştirak etdiyi qəbul Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb, daha sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oqtay və  hərbi attaşe Müşfiq Məmmədov açılış nitqləri ilə çıxış ediblər.

Səfir Rəşad Məmmədov Azərbaycanın dövlətçilik tarixindən,  Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə əldə etdiyi nailiyyətlərdən danışıb.

Səfir bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm daxili, həm də xarici təhdidlərlə üzləşmiş, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olma təhlükəsindən qoruyub və həyata keçirilən islahatlar hazırkı güclü Azərbaycanın təməlini qoyub.

Səfir çıxışında Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinə xüsusi diqqət ayırıb.

Səfir bu il Azərbaycan və  Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu da ifadə edib və bu tarixi, həmçinin Azərbaycanın müstəqilliyinin və Silahlı Qüvvələrin yaranmasının 104 illiyini iki qardaş xalq olmaqla yanaşı, həm də münasibətləri "Bir millət, iki dövlət" fəlsəfəsi əsasında qurulan müttəfiq ölkələr olaraq qeyd etdiyimizi bildirib.

Türkiyənin vitse-prezidenti Fuad Oqtay Prezident Rəcəb Tayyib Ərdoğanın salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb, Türkiyə - Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, burada Azərbaycan bayrağını daha yüksəklərə qaldıran Ümummilli Lider Heydər Əliyevin qurduğu təməl üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun önəmini vurğulayıb.

Türkiyənin vitse-prezidenti ölkəsinin Azərbaycanla 100 il öncə olduğu kimi, bu gün də ruh birliyi olduğunu vurğulayıb və Türkiyənin taleyinin Azərbaycandan ayrı düşünülmədiyini ifadə edib.  

Fuad Oqtay çıxışında  həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ölkələrimizin bu dostluq və qardaşlıqdan aldığı güclə bütün dünyaya bir millət olaraq gələcəyə ümidlə baxdığımızı və gələcəyi birlikdə qurduğumuzu elan etdiklərini də bildirib.

Hərbi attaşe Müşfiq Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqda məlumat verib ölkəmizdə ordu quruculuğuna göstərilən diqqətdən danışıb və bu sahədə müəyyən edilmis uğurlu strategiyanın 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbədə həlledici olduğunu bildirib.

Qəbulun keçirildiyi otelin foyesində Azərbaycanın müstəqillik tarixinə, ordu quruculuğuna və Azərbaycan - Türkiyə münasibətlərinin 30 illiyinə həsr olunmuş fotosərgi təşkil olunub.

Qəbulun bədii hissəsində tanınmış azərbaycanlı sənətçilər Elnur Hüseynov, Etibar Əsədli və Ələfsər Rəhimovun, eləcə də İstanbulda yaşayan məşhur pianoçu - bəstəkar, Azərbaycanın əməkdar artisti Turan Manafzadənin, opera sənətçisi Aytən Xanıyevanın ifaları, Ankarada fəaliyyət göstərən "Xəzər" Azərbaycan xalq rəqsləri qrupunun ifaları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Səhnədə Azərbaycanı tərənnüm edən videogörüntülər nümayiş etdirilib. Qəbul Türkiyə mətbuatı tərəfindən də geniş işıqlandırılıb.

# 1674
avatar

Oxşar yazılar