“Ən böyük uğurumuz Azərbaycan mediasına tərəfsizlik gətirmək oldu” – MÜSAHİBƏ
17 noyabr 2009 18:30 (UTC +04:00)

“Ən böyük uğurumuz Azərbaycan mediasına tərəfsizlik gətirmək oldu” – MÜSAHİBƏ

Azəri Press Agentliyinin (APA) Baş direktoru Vüsalə Mahirqızının SİA-ya müsahibəsi

- Vüsalə xanım, APA-nın yaranması və inkişafından danışmağınızı istərdik...

- APA-nı yaratmaq mənim ideyam olub. Mən hələ “Xalq cəbhəsi” qəzetinin baş redaktoru olan vaxtdan agentlik yaratmaq haqqında düşünürdüm. O zaman Azərbaycanda agentlik bazarı boş idi. Nəhayət biz 2004-cü ilin əvvəllərində APA-nı yaratdıq. Lakin APA tam fəaliyyətə həmin ilin noyabr ayının 16-da başladı. İlk günlərdə cəmi 7 nəfərlə işləyirdik. Zaman keçdikcə APA böyüdü, inkişaf etdi. Hazırda bizim agentlikdə 150 nəfər çalışır, 5 dildə xəbər təqdim edirik, video bölməmiz var, foto studiyamız fəaliyyət göstərir. Azərbaycanın bütün bölgələrini və bir sıra xarici ölkələri əhatə edən müxbir postlarımız mövcuddur. Dünyanın iri media qurumları ilə əməkdaşlıq edirik. APA yarandan sonra digər agentliklərdə öz konsepsiyalarında dəyişikliklər etdilər. Onlar da bütün sahələri əhatə edən xəbərlər verməyə başladılar. Ölkəmizin informasiya bazarında rəqabət mühiti yarandı.

- 5 il ərzində nə kimi uğurlara imza atdınız, sizdən əvvəl fəaliyyət göstərən agentliklərin edə bilmədikləri nələri etdiniz?

- Hesab edirəm ki, APA Azərbaycan mətbuatına operativ informasiya təqdim etmək modelini gətirdi. Ümumiyyətlə, dünyada xəbər təqdim etməyin iki modeli var. Birinci ondan ibarətdir ki, xəbəri olduğu kimi, həmin anda yazırsan və “on-line” şəkilndə təqdim edirsən. İkinci isə xəbəri redaktə edirsən və son variantını oxucuya təqdim edirsən. Biz birinci modelə üstünlük verdik və operativ xəbərçiliyi seçdik. Arxada qoyduğumuz 5 il ərzində ən böyük uğurumuz Azərbaycan mediasına tərəfsizlik gətirmək oldu.

- APA-nın 5 ildir öz ofisi yoxdur. Yubiley ərəfəsində yeni ofis almaq üçün əlaqədar təşkilatlara müraciət etmisinizmi?

- Biz bu ofisi kirayə götürmüşük. Mən bir dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmişəm yeni ofis üçün. Komitədən bizə cavab məktubu gəldi ki, özünüz hansısa yeri seçin və razılaşma əldə edin. Ondan sonra bu məsələni qapatdıq. Bilirsiniz, dövlət borclu deyil hansısa özəl bir media qurumunu ofislə təmin etsin. Əgər kimsə biznes fəaliyyəti göstərirsə pul verib özünə ofis də tutmalıdır.

- APA-da rəhbərliklə jurnalistlər arasında münasibətlər necə tənzimlənir?

- Mən ümumiyyətlə, jurnalistlərlə işləmirəm, onların yaradıcılıq məsələlərinə müdaxilə etmirəm. Jurnalistlərin fəaliyyəti üçün gündəlik planlaşdırmaları mənim müavinlərim keçirirlər. Mən hesab edirəm ki, informasiya agentliyində jurnalistin hansısa bir yaradıcılıq işindən söhbət gedə bilməz. Ona görə ki, informasiya agentliyində yalnız xəbər yayımlanır və jurnalist xəbərin içinə öz fikirlərini əlavə edə bilməz, münasibətini ortaya qoya bilməz. Jurnalistin borcu yalnız yaxşı xəbər tapmaq, onu dolğun şəkildə oxucuya çatdırmaqdır. APA-da hansısa xəbərin verilməsinə isə məhdudiyyət yoxdur.

- Yubileylə bağlı hansı tədbirləriniz var?

- Həftənin 1-ci günü Bakı Əyləncə Mərkəzində bir qəbul təşkil etmişik. Bu qəbulda iştirak etmək üçün nazirlərdən tutmuş sıravi jurnalistlərə qədər APA ilə əməkdaşlıq edən hər kəsə dəvət məktubu yollamışıq. Eyni zamanda 5 illik fəaliyyətimizlə bağlı bir film hazırlamışıq, ayrı-ayrı süjetlər çəkmişik. Sözügedən tədbirdə APA-nın yaranmasında iştirak edən 7 nəfərə böyük sürprizlərimiz var.

- Ənənəvi bir sual. Mehman müəllimi dəvət etmisinizmi yubiley tədbirinə?

- Yox! (gülür). APA-nı sevməyən çox adam var. Lakin Mehman Əliyev bunu açıq şəkildə büruzə verdi. Öz içindəkiləri mediaya çıxardı. Onun bu tədbirə dəvət edilməsi biraz qeyri-səmimilik olardı.

- Gələcək planlarınız haqqında öyrənmək istərdik. Yaxın gələcəkdə APA-nın media holdinqə çevrilməsi və televiziya-radio yayımları həyata keçirməsi mümkündürmü?

- Biz hazırda APA-nın daha çox xarici bazarda yer tutması istiqamətində işlər aparırıq. Artıq APA ölkəmizdə kifayət qədər tanınıb, özünə oxucu yığa bilib. Zamanıdır ki, biz xarici ölkələrdə bürolarımızın sayını artıraq, beynəlxalq təşkilatlarla əlaqələrimizi genişləndirək. Uzaq gələcəkdəki planlarımda APA-nın ciddi bir sosial, siyasi, iqtisadi araşdırma mərkəzinə çevrilməsi var. Amma indi bunun Azərbaycanda bazarı yoxdur və hələ tezdir. O ki qaldı media holdinqə çevrilməyimizə, bunu üçün küllü miqdarda maliyyə lazımdır. Mən düşünmürəm ki, yaxın 5 ildə Azərbaycanda televiziya və radio yaratmaq imkanımız olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar