Türkiyə-Ermənistan sərhədi bir ay sonra açılacaq
21 oktyabr 2009 18:15 (UTC +04:00)

Türkiyə-Ermənistan sərhədi bir ay sonra açılacaq

“Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin baş direktoru əminliklə proqnoz verdi


Türkiyə-Ermənistan sərhədləri bir aydan sonra açılacaq.

Lent.az-ın “panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bunu bu gün İrəvanda keçirdiyi mətbuat konfransında “Cənubi Qafqaz Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Şövkət Şaydullin söyləyib.


O deyib ki, Türkiyə və Ermənistan xarici işlər nazirləri Sürixdə protokolları imzalayandan sonra türk həmkarlarıyla məsləhətləşmələr aparıblar və nəticədə dəmiryolu əlaqəsinin təşkili ilə bağlı görüləcək işlər dəqiqləşdirilib.


Şövkət Saydullin qeyd edib ki, başlıca məqsəd Axuryan stansiyasının açılması deyil, Avropa-Qafqaz-Asiya koridoruna qoşulmaq və Ermənistanı beynəlxalq daşınmaların körpüsünə çevirməkdir. O, Türkiyəylə sərhəd açılandan sonra yük daşıyacaq 70 vaqonun qaydaya salındığını və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.


“Cənubi Qafqaz Dəmir Yolu” QSC beynəlxalq daşımalarla məşğul olmaq üçün artıq özünün köməkçi şirkətinin yaradılması barədə də qərar qəbul edib. Köməkçi şirkət optimal marşurutla qısa müddətdə və az xərclə digər ölkələrin yüklərinin daşınmasıyla məşğul olacaq.


Bu ideya “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyi tərəfindən bəyənilib.

Qeyd edək ki, “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin səhmlərinin hamısı (100 faiz) “Rusiya Dəmir Yolları” ASC-yə məxsusdur. Bu şirkət Ermənistan dəmir yollarının 30 il ərzində idarə edilməsi ilə bağlı Ermənistan hökumətiylə müqavilə bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar