Türkiyə-Ermənistan protokollarına daha bir etiraz
13 oktyabr 2009 19:30 (UTC +04:00)

Türkiyə-Ermənistan protokollarına daha bir etiraz

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Türkiyə və Ermənistan arasında imzalanan protokollarla bağlı mətbuat üçün açıqlama yayıb. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Açıqlamada deyilir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması adı altında sərhədlərin açılmasını nəzərdə tutan iki protokolun imzalanmasına dəstək verən ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun üzvləridir və əslində onların işi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini çözmək, işğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsinə nail olmaqdır. Lakin bu məsələdə heç bir irəliləyiş yoxdur. Sənəddə bildirilir: “Minsk qrupunun öz missiyasını yerinə yetirmək əvəzinə Türkiyə-Ermənistan münasibətlərinə qarışması, ABŞ-ın təzyiqləri altında Türkiyənin sözügedən protokolları imzalaması, demokratiya və insan haqları məsələlərinə böyük önəm verən dövlətlərin Azərbaycan torpaqlarının 20%-nin işğalına və bir milyon insanın doğma yurdundan didərgin düşməsinə biganə qalması açıq-aydın göstərir ki, onların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana qarşı olan təzyiqləri yumşaltmaq və işğal faktını daimiləşdirməkdir”.

TADEF-in açıqlamasında qeyd olunur ki, Doğu Anadoluya “Batı Ermənistan”, Ağrı Dağına Ararat deyən, qondarma “soyqırım” iddialarından əl çəkməyəcəklərini bildirən ermənilər, dünyaya car çəkdikləri “məzlum erməni” obrazı ilə təəssüf ki, Türkiyədəki bəzi ziyalıları da təsirləndirə biliblər. “TADEF olaraq bu dürümü böyük təşviş və üzüntü ilə izləyirik” - deyən Federasiya rəhbərliyi bəyan edir ki, türk ictimaiyyətinin bu cür oyunlara getməyəcək bir milli şüura sahib olduğuna şübhəmiz yoxdur.

“TADEF olaraq türk xalqını ayıq olmağa və kənar qüvvələrin Ermənistana qarşı yaratmağa çalışdığı süni simpatiyaya qarşı çıxmağa çağırırıq. Biz inanırıq ki, Bakıya gedib “Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək, Ermənistanla aramızdakı sərhədlər açılmayacaq” deyən siyasi və dövlət xadimləri bu vədi Türk milləti adından veriblər və öz sözlərinin arxasında dayanacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar