Azərbaycanın Strateji Müdafiə İcmalı yaxın günlərdə hazır olacaq
10 sentyabr 2009 14:00 (UTC +04:00)

Azərbaycanın Strateji Müdafiə İcmalı yaxın günlərdə hazır olacaq

Azərbaycanın Strateji Müdafiə İcmalının hazırlanması üzrə Azərbaycan və ABŞ ekspertlərinin iştirakı ilə keçirilən növbəti iclas sentyabrın 9-da başa çatıb. Мüxtəlif hökumət strukturlarının nümayəndələrinin təmsil olunduğu Əlaqələndirmə Qrupunun iclasında Strateji Müdafiə İcmalının yekun variantı, habelə sənədin hazırlanması ilə əlaqəli bir sıra məqamlar müzakirə edilib.

Əlaqələndirmə Qrupundan Lent.az-a daxil olan məlumata görə, müzakirələrdə ABŞ tərəfdən Mülki-Hərbi Əlaqələr Mərkəzinin ekspertləri qatılıblar. Müzakirələr çox məhsuldar keçib və bəzi mübahisə doğuran məsələlərin həlli istiqamətində Azərbaycan tərəfinə tövsiyələr verilib.

İcmalda Silahlı Qüvvələrin uzunmüddətli inkişaf planları, həyata keçiriləcək islahatlar qeyd olunacaq. Ölkənin müdafiə sektorunda uzun müddəti əhatə edən inkişaf tendensiyaları, mövcud vəziyyət, aparılacaq islahatlar kimi məsələlərin əks olunduğu Strateji Müdafiə İcmalında həmçinin ötən dövrdə buraxılmış səhvlər də qeyd olunacaq.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə Lent.az-a daxili hərbi siyasətə hesablanmış Strateji Müdafiə İcmalının həcmcə böyük sənəd olduğunu qeyd edib: “Strateji Müdafiə İcmalı Azərbaycan Silahlı Qüvvələrinin komplektləşdirilməsi, inventarın yeniləşdirilməsi, maddi-texniki imkanlarının gücləndirilməsi kimi konkret məsələləri özündə əks etdirir. Bu sənəd NATO ilə əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir”.

Millət vəkili deyib ki, sənəddə Silahlı Qüvvələrin real vəziyyəti, malik olduğu imkanlar nəzərə alınmaqla, islahatlar təklif olunur. Z.Oruc sənədin yaxın vaxtlarda hazır olacağını və qəbul ediləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, sentyabrın 14-dən 18-dək Bakıda ABŞ və digər NATO ölkələrindən ekspertlərin iştirakı ilə Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda növbəti işçi görüşü keçiriləcək.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar