“İsa Qəmbər Müsavat partiyasından heç vaxt getməyəcək” - MÜSAHİBƏ
11 avqust 2009 12:45 (UTC +04:00)

“İsa Qəmbər Müsavat partiyasından heç vaxt getməyəcək” - MÜSAHİBƏ

Arif Hacılı: “Onun başqanlıqdan getməsi onun bütövlükdə partiyanın siyasətinin müəyyənləşməsindən getməsi anlamına gəlməməlidir”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya müsahibəsi

- Müsavat Partiyasının qurultayına bir ildən çox vaxt qalsa da, partiyanın başqanının dəyişməsi ilə bağlı məsələ ictimaiyyətdə müzakirəyə çıxarılıb. Burada məqsəd nədir?

- Bu məsələ daha çox mətbuat orqanlarının təşəbbüsü ilə gündəmə gətirilib. Hazırda nə qurultay, nə də başqanlıq mövzusu partiyada aktual deyil. Bu mövzunun müzakirəsi müəyyən nüanslar yaratsa da, hər halda burada pozitiv cəhətlər də var. Bu əslində cəmiyyətdə Müsavat Partiyasının gələcək taleyi barədə narahatlığın olmasını bir daha təsdiq edir.

- İsa Qəmbərin başqanlıqdan getməsi Müsavat Partiyasının gələcək taleyini sual altında qoyurmu?

- Düşünürəm ki, İsa Qəmbər Müsavat Partiyasından heç vaxt getməyəcək, söhbət onun başqanlıqdan getməsindədir. Bu da partiyanın Nizamnaməsinin tələbidir. Müsavat başqanının İsa Qəmbər yox, başqa bir şəxsin olması heç də İsa Qəmbərin partiyanın siyasətinin müəyyən olunmasında, idarə olunmasında iştirakını istisna etmir. Ona görə də İsa Qəmbərin başqanlıqdan getməsi onun bütövlükdə partiyanın siyasətinin müəyyənləşməsindən getməsi anlamına gəlməməlidir.

- İsa Qəmbər idarə olunmada iştirak edəcəksə və yeni başqan seçiləcəksə, o zaman partiyada yekun söz kimin olacaq?

- Açığı deyim ki, partiyada son söz indi də hansısa bir şəxsdə deyil. Müsavat demokratik bir təşkilatdır, son söz də seçkili qurumlara məxsusdur. Partiyanın ümumi siyasətinin müəyyən olunması, ümumi idarəçilik sistemi və digər belə mühüm məsələlər seçkili orqanlarda öz həllini tapır. Təbii ki, İsa Qəmbərin nüfuzu, onun siyasi təcrübəsi qərarların qəbul olunmasında onun rolunun kifayət qədər mühüm olmasına səbəb olur. Amma bu İsa Qəmbərin partiyanın başqanı olması ilə bağlı deyil.

- İsa Qəmbər başqanlıqdan getdikdən sonra partiyada hansı statusla təmsil olunacaq?

- Təbii ki, bütün seçkili orqanlara öz namizədliyini irəli sürmək İsa Qəmbərin səlahiyyətidir və düşünürəm ki, hansı seçkili orqana öz namizədliyini irəli sürəcəksə, partiya üzvləri mütləq səs çoxluğu ilə onu seçəcəklər. Amma onun bu orqanlara namizəd olub - olmaması özünün müstəsna səlahiyyətindədir.

- Amma bəzi partiyalar lider postu təsis edərək keçmiş sədri bu posta seçirlər. Bu ənənəni davam etdirmək fikrindəsinizmi?

- Mənə elə gəlir ki, lider postu təsis etməklə lider olmaqdan daha uğurlu yollar var. Heç bir rəsmi post olmadan da partiyanın və yaxud siyasi qüvvələr birliyinin lideri olmaq mümkündür. Bircə bu nümunəni göstərim ki, Rusiya prezidenti olmuş Boris Yeltsin nüfuzunun ən pik dövründə belə hər hansı bir partiyanın üzvü olmayıb. Amma bir çox siyasi qüvvələr onu lider kimi qəbul edirdi. Onun xüsusi bir lider vəzifəsi yox idi.

- İsa Qəmbərin partiyanın başqanlığından getməməsi ilə bağlı təklifləri necə dəyərləndirirsiniz?

- Təbii ki, partiyanın Nizamnaməsini qəbul etmək və dəyişdirmək partiya üzvlərinin, qurultayının səlahiyyətindədir. Amma mənə elə gəlir ki, bu maddənin dəyişdirilməsi ilə bağlı təkliflər mövcud olsa da, İsa Qəmbərin özünün mövqeyini bildiyim üçün, partiya strukturlarında olan insanların fikirlərindən xəbərdar olduğumdan belə bir dəyişikliyin olmayacağını deyə bilərəm.

- Bununla bağlı “Yeni Müsavat” qəzetində davamlı yazıların yer alması nə ilə bağlıdır?

- Bu məsələ ilə bağlı ilk dəfə “Yeni Ümid” qəzetində yazı dərc olunub. “Yeni Müsavat” isə siyasi məsələlərə ən çox münasibət bildirən qəzet kimi bu mövzuda fəal iştirak edir. Bu mövzu ortalığa çıxıb, ən azı mətbuat üçün maraqlıdır. İndiki yay mövsümündə siyasi süstlük şəraitində bu mətbuatın əsas mövzularından birinə çevrilib.

- “Müsavat Partiyasında ikinci şəxs yoxdur” fikirləri ilə razısınızmı?

- Partiyada kifayət qədər qabiliyyətli siyasətçilər var və hətta İsa Qəmbər kimi ciddi bir siyasətçinin kölgəsində olmağına baxmayaraq, partiyada Azərbaycanda gedən siyasi proseslərə kifayət qədər təsir etmək imkanına malik olan siyasətçilər mövcuddur. Düşünürəm ki, Müsavat Partiyasında başqanlıq etmək qabiliyyətinə və haqqına malik olan şəxslər var. O ki qaldı müxtəlif koalisiyaların qurulması yolu ilə bu məsələlərin həlli edilməsinə, mənə elə gəlir ki, bu mövzular da müzakirəyə layiqdir. Mətbuatda bir sıra siyasi təşkilatların, o cümlədən Müsavatla AXCP-nin birləşməsi və bu birləşmədən sonra partiyanın yeni başqanının seçilməsi məsələsinin müzakirəsi ilə bağlı təkliflər var.

Müsavat Partiyası daim siyasi partiyaların bir araya gəlməsi, xüsusilə cəmiyyətin gələcək inkişafı, demokratik dəyərlər və digər məsələlərdə eyni və yaxud yaxın mövqeyə malik olan partiyaların birləşməsi mövqeyindən çıxış edib və biz bu mövqeni dəstəkləyirik.
Amma kiminsə süni surətdə Müsavat rəhbərliyinə transfer edilməsi təbii ki, partiyanın Nizamnaməsinə uyğun deyil. Yəni əgər belə birləşmələr baş verərsə, İsa Qəmbəri lider kimi qəbul edərlərsə, təbii ki, birləşmiş siyasi qüvvələrin qurultayında səsvermə yolu ilə Nizamnaməyə və proseduralara uyğun olaraq birləşmiş partiyaların lideri və başqanı səsvermə yolu ilə müəyyənləşə bilər. Düşünürəm ki, bu məsələdə Müsavat Partiyasının uğurları heç bir problem yaratmayacaq.

- Əli Kərimli İsa Qəmbərin liderliyini qəbul edərsə, siz Arif Hacılı olaraq Əli Kərimlinin başqanlığını qəbul edərsinizmi?

- Bu məsələ təkcə Arif Hacılının iradəsindən asılı deyil. Bütün bu məsələlər proseduralar və Nizamnaməyə uyğun olaraq həll edilməlidir. Müsavat başqanını seçmək səlahiyyəti mövcud Nizamnaməyə görə qurultayın səlahiyyətindədir. Əgər bu tipli gəlişmələr olsa və əgər Azərbaycanın bütün siyasi qüvvələrinin bir araya gəlməsi mümkün olsa, bir platformada birləşsə, təbii ki, mən konkret olaraq özüm ambisiyalarımdan keçməyə, Əli Kərimlini və yaxud birlik naminə hər hansı birləşmiş qüvvədən olan digər şəxsi dəstəkləyə bilərəm.

- İndiki reallıqda belə birləşmələr baş tuta bilərmi?

- Uzun müddətdir bu məsələlər ətrafında müzakirələr gedir. Xüsusilə də Müsavatla AXCP-nin birləşməsi mövzusu gündəmdə olur. Hesab edirəm ki, əgər bütün siyasətçilər öz ambisiyalarını demokratik düşərgə və Azərbaycanı mənafelərinə qurban verə bilsələr, bu cür birləşmənin baş tutması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar