“Tacikistana getməyin!”
05 avqust 2009 19:30 (UTC +04:00)

“Tacikistana getməyin!”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün Azərbaycan Respublikasının vətəndaşlarına Tacikistanda mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir.
Lent.az-ın Xarici İşlər Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Tacikistanda təhlükəsizliklə bağlı ümumi vəziyyət sabit olsa da, bu ölkənin Əfqanıstan, Qırğızıstan və Özbəkistanla sərhəd ərazilərinə səyahətlər çox təhlükəlidir. Bu ölkələrlə sərhədlərin hər iki tərəfində yerləri nişanlanmış və nişanlanmamış minalanmış ərazilər mövcuddur. Bu ərazilərə Soqdi vilayəti, Tavildara regionu, Darvaz, İsfar, Vanc, Ruşan, Rəşt və Rudəki rayonları aiddir.
Bunlardan başqa, Rəşt vadisində və Garm/Tavildara regionunda yaz aylarında güclü torpaq sürüşmələri baş verir. Bu ərazilərə gedərkən səyahətçilərin yuxarıda deyilənləri nəzərə almaları tövsiyə olunur.
Paytaxt şəhəri Düşənbə təhlükəsiz olsa da, Əfqanıstanla sərhəd ərazilərdə tez-tez narkotik alverçiləri və sərhədçilər arasında silahlı toqquşmalar baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Tacikistanda donuz qripinə yoluxma halları baş verməsə də, ümumi regionda donuz qripi ilə əlqədar təsdiqlənmiş faktlar mövcuddur.
Tacikistanda daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarının hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Xəbərdarlıqda qeyd olunur ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar