“Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmuşuq”
17 iyun 2009 17:00 (UTC +04:00)

“Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmuşuq”

Dövlət katibinin müşaviri Filip Qordon belə deyib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Filip Qordon Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə Alt Komitəsində ilk dəfə hesabat verib.

APA-nın ABŞ bürosunun məlumatına görə, F. Qordon ölkəmizlə bağlı çıxışında bildirib ki, Azərbaycan regional təhlükəsizlik, xüsusən terrorizmlə mübarizədə ABŞ üçün vacib müttəfiqdir. O, Avropa ölkələrinə enerji nəqli baxımından da Azərbaycanın rolunun mühüm olduğunu vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan ABŞ rəsmisi ölkəsinin Dağlıq Qarabağ münaqişəsində irəliləyişin əldə olunmasına kömək etdiyini deyib: “Minsk qrupunda bizim həmsədr olan Metyu Brayza rusiyalı və fransalı həmkarları ilə birgə son bir il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 5 görüşünü təşkil edib. Dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan liderləri ilə şəxsən bir neçə görüşlərə qatılıb. Sonuncu belə görüş mayın 5-də nazirlər Məmmədyarov və Nalbandyanla keçirilib”.

Avropa üzrə Alt Komitənin sədri Robert Vekslerin “Türkiyə-Ermənistan yaxınlaşması fonunda Azərbaycanla bağlı məqamlar nə qədər diqqətdə saxlanılır” sualına cənab F. Qordon Türkiyə-Ermənistan yaxınlaşması və Dağlıq Qarabağ nizamlamasının paralel proses olduğunu qeyd edib. Türkiyə-Ermənistan yaxınlaşmasına toxunan dövlət katibinin müşaviri iki ölkənin sərhədlərin açılması, diplomatik münasibətlərin bərpa olunması, vacib sahələr, həmçinin, tarixlə bağlı birgə komissiyanın yaradılması barədə razılığa gəldiyini söyləyib. F. Qordon bu prosesi dəstəklədiyini və ruhlandırdığını da deyib: “Biz demişik ki, bu müstəqil prosesdir və Avropanın digər ölkələrində nə baş verməsindən asılı olmayaraq, bu proses irəli getməlidir. Çünki bundan hər iki ölkə faydalanacaq”.

Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsinin həllində də yaxından iştirak etdiyini bildirən F. Qordon bu iki prosesin uğur qazandığı halda, regionda tarixi irəliləyiş əldə olunacağını qeyd edib.

O, çıxışında Rusiya mövzusuna da toxunub. F. Qordon deyib ki, ABŞ Rusiyanın Avropa üzərində xüsusi təsir dairəsini tanımır, onun qonşuluğunda olan dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar