Mətbuat Şurası “Azadlıq” qəzetində peşə prinsiplərinin pozulmasından narahatlığını bildirib
17 iyun 2009 16:15 (UTC +04:00)

Mətbuat Şurası “Azadlıq” qəzetində peşə prinsiplərinin pozulmasından narahatlığını bildirib

Azərbaycan Mətbuat Şurası “Azadlıq” qəzetinin bu ilin may-iyun aylarında çıxan saylarında peşə prinsiplərinin pozulması ilə bağlı bu nəşrə müraciət ünvanlayıb. Bu barədə Lent.az-a Şuradan bildirilib. Sənəddə qeyd olunub ki, hər bir kütləvi informasiya vasitəsi fəaliyyət sərbəstliyinin peşə məsuliyyəti ilə vəhdət təşkil etdiyini nəzərə almalıdır: “”Azadlıq”da Sakit Zahidovun (Mirzə Sakitin) son vaxtlar “Radikal” rubrikasında təqdim olunan bir sıra yazılarında həmin normalar gözlənilmir, ictimai-siyasi xadimlərin, tanınmış adamların şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzlarının müxtəlif üsullarla aşağılanmasına yönələn fikirlər yer alır. Bunlar etik prinsiplərə ciddi sayğısızlıqdır. Şura belə qənaətdədir ki, qəzetin rəhbərliyi açıq qərəz və hiddətdən qaynaqlanan nümunələrin dərcinin yolverilməzliyini diqqətdən qaçırmamalı, MŞ-də vaxtilə oxşar məsələlərin müzakirə olunduğunu nəzərə almalı idi”.

Müraciətdə bildirilib ki, Şura indiyədək “Azadlıq” qəzetində müxtəlif səpkili peşə pozuntuları ilə bağlı qərarlar və rəylər çıxarıb, irad və tövsiyələrini bildirib. Bu zaman nəşrin ölkəmizdə mətbu ənənələrin formalaşmasında oynadığı rola hörmətlə yanaşılıb: “Şura bu məktubu Sizə ünvanlayarkən də eyni fikirdədir ki, hər bir kütləvi informasiya vasitəsi tutduğu mövqedən asılı olmayaraq ilk növbədə əxlaqi dəyərlərə sayğılı yanaşmalı, gündəlik fəaliyyətində getdikcə dərinləşən söz, fikir və ifadə azadlıqlarının yol verilməyən hədlərinin mövcudluğunu, işıqlandırılan hər bir məsələnin mənəvi tərəflərinin mühüm önəm daşıdığını əsas prinsip kimi götürməlidir”.

Müraciətdə, həmçinin “Azadlıq” qəzeti rəhbərliyinə məsələni diqqətdən saxlamaq və xoşagəlməz halların təkrarlanmasına yol verməmək tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar