“Dünya gördü ki, Türkiyə Azərbaycandan vaz keçməyəcək”
12 iyun 2009 12:30 (UTC +04:00)

“Dünya gördü ki, Türkiyə Azərbaycandan vaz keçməyəcək”

türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç dəyirmi masada çıxış edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan politoloqları və ekspertləri ilə keçirilən görüşün qonağı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç olub.

SAM-ın rəhbəri Elxan Nuriyev bildirib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir, bu əlaqələr getdikcə güclənir və genişlənir.

Səfir Hulusi Kılıç iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair öz fikirlərini söyləyib. Siyasi əlaqələri mükəmməl adlandıran səfir, hərbi sahədə əməkdaşlığa da toxunub: “Azərbaycan Qafqazda ən güclü orduya sahibdir. Azərbaycanın gücü bizim gücümüzdür”. İki ölkə arasında iqtisadi əlaqələrdən danışan səfir, ticarət dövriyyəsinin 3 milyard dollara çatdığını, Azərbaycanda Türkiyənin 600 şirkətinin çalışdığını, bu rəqəmin daha da artacağını söyləyib.

Enerji sahəsində əməkdaşlıqdan danışan Hulusi Kılıç Azərbaycanın Türkiyəyə satdığı qazın satış qiyməti ilə bağlı məsələnin yaxın günlərdə həllinə ümidvar olduğunu bildirib. 2011-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun işə düşəcəyini deyən diplomat, bu dəmir yolu ila Pekindən Londona səyahət etmək imkanının əldə olunacağını söyləyib. Humanitar sahədə əməkdaşlıqdan danışan səfir hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 400-500 türk tələbənin təhsil aldığını deyib.

Yerli ekspertlərin suallarını cavablandıran Hulusi Kılıç bildirib ki, Türkiyənin məqsədi işğal altında olan torpaqların azad edilməsidir: “Bizi istəməyən dairələr iki qardaş ölkə arasında soyuqluq yaratmaq istədi, lakin baş nazirin səfəri hər şeyi yerinə qoydu. Bütün dünya gördü ki, Türkiyə Azərbaycandan vaz keçməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar