Zəminə Dünyamalıyeva: “Hökumət qaneedici vəzifə versə, gedərəm”  - MÜSAHİBƏ
11 iyun 2009 17:00 (UTC +04:00)

Zəminə Dünyamalıyeva: “Hökumət qaneedici vəzifə versə, gedərəm” - MÜSAHİBƏ

Açıq Cəmiyyət Partiyası (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyevanın Lent.az-a müsahibəsi

- ACP-dəki hazırkı durumu necə qiymətləndirirsiniz?

- Çox təəssüf ki, bu sualı cavablandırmaqda çətinlik çəkirəm, daha doğrusu, cavab tapa bilmirəm. Mən partiya rəhbərliyi və funksionerləri arasında tapa bilərək söhbət edə biləcəyim iki nəfər var. Bunlar sədri müavini Fərəməz Cavadov və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Dayandur Qəmbərovdur. Yerdə qalan heç kəslə danışmaq imkanım yoxdur. Təbii ki, bunda qərargahın olmaması da rol oynayır. Qərargah olsa, kimsə orada oturar, gedərsən, danışarsan, kimlərsə gələr. Qərargahın olmaması insanların məsuliyyətsizləşməsində rol oynayıb. Ancaq bir şey də var: axı partiyanın elə bir durumu da yoxdur ki, ondan danışasan, bəhs edəsən. Bir çox adamların ACP-də məhkum olaraq qalması, bir çoxlarının isə yalnız adının olması çalışmaq və yaşamaq enerjisi olan adam üçün ağırdır ki, adını “fəaliyyət göstərirəm” qoyasan. Fəaliyyətsiz fəaliyyət göstərmək mümkün deyil. Əminəm ki, mən çox adamın ürəyindən keçənləri ifadə edirəm. Bu işə son qoyulmalıdır ki, bunun üçün də 2 variant var. Ya adı kimi özü də var duruma gətirilməli, fəaliyyət göstərməlidir, bizlər də orada iştirak edək. Ya da olmayan bir partiyanın kağız üzərində adının da olmasını istəmirəm, yəni kağız üzərindən də silinməlidir. Hesab edirəm ki, bu variantlardan birinin gerçəkləşməsi və bununla da məsələyə son qoyulması üçün ACP Ali Məclisi yığışıb müvafiq qərar verəcək.

- Siz özünüz daha çox hansı varianta üstünlük verirsiniz?

- Səmimi deyirəm, əgər alınsaydı birinci varianta üstünlük verərdim. Yəni, partiyada rəhbərlik dəyişsəydi, yeni rəhbərlik gəlsəydi, partiyanı dirçəldib yaşatsaydılar bunu istəyərdim. Ancaq ACP-nin indiki durumda görəndə məndə o əminlik olmur. Ona görə də mən ikinci varianta üstünlük verirəm. Yəni, partiyanın Nizamnaməsində qeyd olunan “partiya fəaliyyətini davam etdirə bilmirsə, fəaliyyətinə xitam verilməlidir” cümləsinə istinad etməyi üstün görürəm.

- Partiyadan cəmi ikicə nəfərlə danışdığınızı dediniz. Bəs o biriləri, xüsusən sədr Akif Şahbazovla danışmamağınızın, əlaqə saxlamamağınızın səbəbi nədir?

- Onu jurnalistlər də axtarır, ancaq özünüz də görürsünüz ki, bu adamla əlaqə saxlamaq mümkün deyil.

- Bunun səbəbi nədir? Ortada ciddi nə isə varmı?

- Məncə, məsuliyyətsizliklə partiyanın bu vəziyyətə gəlib çıxmasında əsas səbəbkar odur. Təbii ki, o da bir insan kimi öz qüsurlarını görür, vicdan əzabı çəkir. Məsuliyyət olsaydı, heç olmasa ortaya çıxıb, göstərilən istiqamət üzrə hərəkət edərdi. Bunu da etmir.

- Partiyanın lideri Rəsul Quliyevlə necə, danışırsınızmı?

- Rəsul müəllimin fikirlərini mən mətbuatdan öyrənmişəm. Onunla danışırdıq, ancaq xeyli vaxtdır əlaqəmiz yoxdur. Mənim bildiyimə görə o, başqa bir yerə gedib.

- Rəsul Quliyev ABŞ-ın başqa bir şəhərinə gedib, yoxsa Amerikanı tərk edib?

- Bunu dəqiq bilmirəm.

- Qanunvericilikdə nəzərdə tutulmasa belə, ölkədəki partiyaların böyük əksəriyyəti funksionerlərə qeyri-rəsmi maaş olaraq pul vəsaiti verir. ACP-də bu cür qeyri-rəsmi maaş varmı və ümumiyyətlə əvvəllər olubmu?

- (gülür) Allah köməyin olsun, biz ACP bədbəxtin gününə oturub ağlayırıq, siz də soruşursunuz maaş alan var? ACP-nin maliyyə büdcəsi olsady niyə bu günə düşürdü?

- Əvvəllər olubmu?

- Heç ACP yaranan gündən olmayıb.

- Bəs ADP-də olduğunuz vaxtlarda necə, belə maaşlar var idimi?

- Bəli, ADP-də var idi.

- Bəs sonra necə oldu ki, kəsildi?

- ACP yaranandan hə, kəsilib.

- Belə çıxır ki, həmin vaxt Rəsul Quliyevin maliyyə vəziyyəti yaxşı olub, sonradan pisləşib...

- Tam səmimi deyirəm, heç dövlət qurumlarında da işləyəndə əməkhaqqımı gedib araşdırmamışam ki, neçədi, nədi. Bu məsələlər mənə aid olmadığına görə maraqlanmamışam. Ola bilsin ki, ADP dövründə partiyanı saxlamaq üçün müəyyən imkanlar var imiş, ancaq indi yoxdur, partiya da saxlanılmır.. Hər halda bu bir reallıqdır ki, partiyalar bu və ya digər formada maliyyələşdirilir, onları maliyyələşdirənlər var. İndi ADP vaxtında bunu Rəsul Quliyevin özü edib, yoxsa dostu-tanışı edib, o incəlikləri bilmirəm. Ancaq təkrar edirəm ki, ACP-də partiya yaranan gündən maliyyələşmə olmayıb. Partiyanın bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri də odur.

- Hakimiyyət nümayəndələrindən Sizə qeyri-rəsmi formada hansısa təklif edilibmi?

- Qətiyyən belə təkliflər olmayıb. Nə partiya ilə bağlı, nə də şəxsi özümlə bağlı heç nə deyilməyib, heç bir təklif də almamışam.

- ACP-nin digər funksionerlərinə necə, belə təkliflər olubmu?

- Mənim bildiyim qədər yox.

- Hökumətdə Sizə vəzifə təklif olunsa gedərsinizmi?

- Məni qane edən olsa gedər, niyə getmirəm. Mən bu dövlətin vətəndaşıyam. Hökumətdə, müxalifətdə, yaxud başqa hansı yerdə olmağımdan asılı olmayaraq həmişə dövləti və xalqı düşünmüşəm.

- Azərbaycandakı digər müxalifət partiyalarının vəziyyətini və proseslərə təsir imkanlarını necə qiymətləndirirsiniz?

- Bu partiyalar da dərk etməlidirlər ki, artıq onların missiyası bitib. İctimaiyyəti, cəmiyyəti özlərinin olmayan varlıqları ilə çaşdırırlar. Bu məsələlər hələ 2003-cü ildə bitib. 2005-ci ildə isə əlavə şans verildi, bu şansdan istifadə edə bilməməyin səbəbləri var idi ki, bu da başqa söhbətin mövzusudur.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599

Oxşar yazılar