“Minsk Qrupu münaqişənin həlli üçün ciddi işlər görməlidir”
26 may 2009 17:30 (UTC +04:00)

“Minsk Qrupu münaqişənin həlli üçün ciddi işlər görməlidir”

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsi, enerji, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr apardıqlarını bildirib: “Ölkələrimiz arasında mövcud olan 2 milyard dollar dəyərində mal dövriyyəsinin həcmi bizi qane etmir. Düşünürük ki, bu rəqəm artırılmalıdır, çünki bunun üçün potensial var”.

Mədəni sahədə əməkdaşlıqdan danışan E. Məmmədyarov hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 1700 türk tələbənin təhsil aldığını qeyd edib. İki qardaş ölkə arasında indiyə kimi 150-yə yaxın sənədin imzalandığını bildirən nazir, bu rəqəmin kifayət olmadığını bəyan edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 15 gün ərzində Azərbaycana ikinci dəfə gəldiyini deyib və ilk dəfə XİN başçısı qismində Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı Bakı səfərində müşayiət etdiyini xatırladıb: “Azərbaycan bizim ikinci evimizdir, mən Suriyadan birbaşa Bakıya gəldim. İki qardaş və strateji tərəfdaş ölkə arasında əlaqələrin çox mükəmməldir”.

Əhməd Davudoğlu Bakıda keçirdiyi görüşlər zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsinin də müzakirə obyekti olduğunu deyib: “Biz Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxırıq. Türkiyə bölgədə münaqişələrin dondurulmuş vəziyyətdə qalmasını istəmir, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupu beynəlxalq aləmi dəstəyi ilə ciddi işlər görməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar