“Fərda Qədirov uzun müddət Gürcüstanda yaşamayıb” - MÜSAHİBƏ
21 may 2009 20:00 (UTC +04:00)

“Fərda Qədirov uzun müddət Gürcüstanda yaşamayıb” - MÜSAHİBƏ

Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayevin APA-ya eksklüziv müsahibəsi

- Gürcüstanda müxalifətin etiraz aksiyaları davam edir. Ölkədə “məxməri inqilab” təkrarlana bilərmi?

- Heç bir inqilab gözlənilmir. Müxalifət zəif olmasa da, elə bir məsələ gündəmdə yoxdur. Hər problem dialoq yolu ilə müzakirə edilsə, daha ciddi nəticələr əldə etmək olar.

- Bəs bu yaxınlarda baş verən hərbi çevriliş cəhdi haqqında nə deyə bilərsiniz?

- Hərbi çevrilişə cəhd oldu, lakin təhlükəsizlik orqanlarımız bir gün öncə onun qarşısını aldılar. Müxalifətin mitinqləri aprelin 9-da başlayıb, onlara öz etirazlarını bildirməyə şərait yaradılıb, bu da demokratiyanın göstəricisidir. Müxalifət tərəfindən qanun pozuntularına yol verilsə də, dövlət buna diqqət yetirmir, onların azad şəkildə öz fikirlərini bildirməsinə imkan yaradılıb. Gürcüstan prezidenti radikal müxalifətlə görüş də keçirib, müəyyən təkliflər səslənib, hazırda onlar müzakirə olunur. Dialoq davam edir, yeni görüş də keçiriləcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Gürcüstan prezidenti seçki yolu ilə, demokratik şəkildə, çoxluğun dəstəyi ilə hakimiyyətə gəlib. Bir qrup insanın tələbi onu istefaya məcbur edə bilməz.

- Bir müşavir kimi sizin funksiyanıza hansı məsələlər daxildir?

- Mən bir azərbaycanlı kimi qeyri-hökumət təşkilatının rəhbəri olduğum zaman da Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə həmişə maraqlanmışam. Hazırda müşavir kimi ən əsas vəzifəm Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyası məsələsidir. Mən bu sahədə işlər aparıram. Ancaq ümumi məsələlərlə də məşğulam, tələb olunan zaman müəyyən məsələlərlə bağlı tövsiyələr verirəm, dövlətə xeyir gətirən layihələr üzərində işləyirəm.

- Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesi hazırda hansı mərhələdədir?

- Gürcüstanda istər paytaxta, istərsə də bölgələrdə müəyyən vəzifələrdə işləyən azərbaycanlıların sayı artıb. Gürcü dilini sərbəst bilən azərbaycanlılar vəzifələrə təyin olunub. Əvvəlki illəri nəzərə alsaq, bu, gün çox fərqli mənzərədir. Kvemo-Kartli bölgəsinin qubernator müavini, bələdiyyə başçısının müavini azərbaycanlıdır. Polisdə, Təhlükəsizlik Nazirliyində, hərbi hissələrdə, Reinteqrasiya Nazirliyində gənclərimiz çalışır. Bəzi fəal soydaşlarımız azərbaycanlıların problemlərini qaldırırlar. Lakin obyektiv olmaq lazımdır, çünki radikallıq uğur gətirmir. Çətinliklər yavaş-yavaş həll olunur. SSRİ dövründə heç bir çətinliyimiz yox idi, lakin sonra problemlər ortaya çıxdı, onlar da müəyyən şəxslər tərəfindən yaradıldı. Həmin çətinliklər indiyə kimi gündəmə gətirilir. Hesab edirəm ki, bu da olmalıdır, lakin mən bunu bir çətinlik kimi dəyərləndirirəm. Azərbaycanlıların fərqli, xüsusi problemi yoxdur, problem ümumən Gürcüstan dövlətində mövcuddur. Bu gün dövlətə dəstək olmaq, arxasında durmaq, onun inkişafı naminə hərəkət etmək lazımdır. Bizim soydaşlarımız buna hər zaman hazırdır. Ötən il Gürcüstanda baş vermiş 5 günlük müharibə zamanı azərbaycanlılar, əsasən də Kvemo-Kartli bölgəsində yaşayanlar, dövlətə böyük dəstək verdilər, müharibə zonasından qaçqın düşən gürcülərə yardım etdilər. ARDNŞ də qaçqınlara yardım etdi. Müharibədə 100-ə yaxın azərbaycanlı iştirak edib. Onlardan 5-i yaralanmışdı, Allaha şükür ki, sağalıblar. Müdafiə Nazirliyi onları medalla təltif edib. Mənim fikrimcə, Gürcüstanda ən böyük problem sosial xarakterli problemlərdir. Ancaq bəzi QHT rəhbərləri nədənsə sosial problemlərə toxunmurlar, deyirlər ki, heç bir çətinlik yoxdur, çətinlik yalnız təhsil, torpaq sahəsindədir, toponimlərlə bağlıdır. Bu məsələlər də Gürcüstan rəhbərliyi tərəfindən müzakirə olunur və qısa müddətdə həllini tapacaq.

- Gürcü dili ilə bağlı problem və məktəb direktorlarının təyinatı məsələsi nə yerdədir?

- Gürcü dilini bilməmək çətinliklərdən biridir. Kvemo-Kartlidə yaşayan əhalinin əksəriyyəti dövlət dilini bilmədiyi üçün müəyyən çətinliklərlə rastlaşır. Dövlətin qanunlarını bilmədikləri üçün dövlət tərəfindən edilən güzəştlərdən də məlumatlı deyillər. Bu sahədə fəaliyyət göstərən QHT-lər işlərini canlandırsalar, yerli əhalini məlumatlandırsalar, uğurlar əldə etmək olar. Artıq müəyyən işlər görülüb, Gürcüstanın İctimai Televiziyasında həftədə bir dəfə Azərbaycan dilində xəbərlər verilir. Bu proqramın intensivliyi artırılacaq. Gürcü dili kursları fəaliyyət göstərir. Bu işin təşkilinə görə Heydər Əliyev Fondunun regional rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çox yaxşı işdir, həmin kurslarda iştirak edən dinləyicilər gürcü dilini və kompüter proqramlarını öyrənir və bank sistemində, yerli hakimiyyət orqanlarında, təhsil ocaqlarında işlə təmin olunurlar. Onu da qeyd edim ki, artıq soydaşlarımızın əksəriyyəti öz övladlarını gürcü məktəblərində oxudur. Bir müddət sonra gürcü dilini bilən gənclərimizin sayı kifayət qədər olacaq. Gürcüstanın dövlət universitetlərinə qəbul olunan soydaşlarımızın sayı da artır. Təhsil sahəsində aparılan islahatlar nəticəsində milli azlıqların nümayəndələrinə güzəştlər edilib, keçən ildən başlayaraq onlara qəbul imtahanlarını öz doğma dillərində verməyə icazə verilir, bu il bu proses daha da təkmilləşdiriləcək. Məktəb direktorları ilə bağlı məsələ demək olar ki, öz həllini tapıb. Bu ilin payız aylarında Gürcüstan Təhsil Nazirliyi tərəfindən testlər keçiriləcək və o testlərdə istənilən şəxs iştirak edə bilər. İmtahan milli azlıqların dilində veriləcək, gürcü dilini 30 faiz bilmək kifayətdir.

- Gürcüstanda ARDNŞ-in törəmə şirkəti olan “SOCAR-Georgia” fəaliyyət göstərir. Bu şirkətin soydaşlarımıza köməyini necə dəyərləndirirsiniz?

- “SOCAR-Georgia” Gürcüstanda yaşayan soydaşlarımıza humanitar sahədə böyük dəstək verir. Tələbələrə təqaüd verilir, tibb sahəsində aztəminatlı insanlara yardım edilir, Kvemo-Kartlidə bəzi yollar, məktəblər təmir olunub, kurslar açılıb. Lakin “SOCAR-Gas” şirkətinin regional işlər üzrə strukturu yaranmayıb. Bu, onunla bağlıdır ki, həmin şirkətin rəhbərliyi vaxtilə “Tbilisiqaz”ın rəhbərliyində olan və həbsdə yatmış şəxslərdən ibarətdir. Onlar əhalinin etibarı itirmiş şəxslərdir. Düşünürəm ki, ARDNŞ rəhbərliyi bununla bağlı ölçü götürməlidir. Mən istərdim ki, regional strukturlar yaranan zaman bizim istedadlı soydaşlarımız müəyyən vəzifələrə təyin olunsunlar. Kvemo-Kartlidə qazlaşdırma aparılması üçün heç bir iş görülməyib. Hesab edirəm ki, bu şirkətin fəaliyyəti ilk olaraq azərbaycanlıların yaşadıqları bölgədən başlanmalıdır. Ancaq hələlik heç bir iş görülməyib. Belə kadrların rəhbər vəzifədə olması ARDNŞ-in də nüfuzuna xələl gətirə bilər.

- Son dövrlər Azərbaycanda iki ağır cinayət - Elmar Hüseynovun qətli və Neft Akademiyasındakı qanlı faciə Gürcüstan vətəndaşı olan soydaşlarımız tərəfindən törədilib. Siz bunu nə ilə izah edə bilərsiniz?

- Fərda Qədirov uzun müddət Gürcüstanda yaşamayıb. Gürcüstana qayıtdıqdan sonra da iş axtarmaq adı ilə Bakıya yola düşüb. Onun belə bir cinayət törətməsindən çox təəssüflənirik. Mən həlak olmuş insanların ailələrinə başsağlığı verirəm. Bu, böyük faciədir. Hesab edirəm ki, istintaq orqanları bunun səbəbini tapacaqlar.

- Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən də istintaq aparılırmı? Kimlərsə saxlanılıbmı?

- Gürcüstan Daxili İşlər Nazirliyi Azərbaycana bu sahədə kifayət qədər yardım edir. Amma kimlərinsə saxlanıldığı barədə məlumatım yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar