Prezident İlham Əliyev əvvəllər “Binə” və “Sədərək” ticarət mərkəzlərinin yerləşdiyi ərazidə olub
19 may 2009 16:30 (UTC +04:00)

Prezident İlham Əliyev əvvəllər “Binə” və “Sədərək” ticarət mərkəzlərinin yerləşdiyi ərazidə olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Aeroport kəsişməsində yol qovşağının, Heydər Əliyev adına Beynəlxalq hava limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun və piyada keçidlərinin tikintisi ilə tanış olub.

Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət başçısının Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı sərəncam və göstərişlərinə uyğun olaraq Aeroport kəsişməsində yeni yol qovşağının, Heydər Əliyev adına Beynəlxalq hava limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun və bu ərazidə olan piyada keçidlərinin tikintisinə başlanılıb.

Dövlət başçısı tikinti işlərinin gedişi ilə yaxından tanış olmaq üçün buraya gəlib.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa olunan yolun baş podratçısı “AZVİRT” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Prezidentə yolun texniki göstəriciləri ilə bağlı məlumat verilib. Bildirilib ki, yolun ümumi uzunluğu 19 kilometrə bərabərdir. Əsas yolda 6, köməkçi yolda isə 2 hərəkət zolağı var. Hərəkət zolaqlarının eni 3,75 metrdir. Asfalt-beton örtüklü yolun ümumi sahəsi 822 min kvadratmetr, asfalt-beton örtüyünün qalınlığı isə 270 millimetrə bərabər olacaq. Qeyd olunub ki, yolda hərəkətin tənzimlənməsi üçün Aeroport kəsişməsində müxtəlif səviyyəli yolötürücü qovşağın və 5 yerüstü piyada keçidinin tikilməsi nəzərdə tutulur. Aeroport kəsişməsindəki körpü 8 hərəkət zolaqlı olmaqla, uzunluğu 127 metr, sahəsi isə 5080 kvadratmetrdir. Burada drenaj sisteminin və ehtiyat boru keçidlərinin inşası da nəzərdə tutulur.

Tikintinin 20 ay ərzində başa çatdırılacağı bildirilib.

İnşaat işlərinin gedişi ilə yaxından maraqlanan Prezident İlham Əliyev tikintinin vaxtında və yüksək keyfiyyətlə icra olunması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra dövlət başçısı əvvəllər “Binə” və “Sədərək” ticarət mərkəzlərinin yerləşdiyi əraziyə gəlib. Prezident İlham Əliyev burada aparılan abadlıq və quruculuq işləri ilə də tanış olub, ərazinin yenidən qurulmasının yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar müvafiq
tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar