Türkiyə-Azərbaycan qardaşlığı əbədidir
15 may 2009 18:15 (UTC +04:00)

Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Dövlətlər arasındakı münasibətlər milli köklərə söykənir, amma milli maraqların üzərində inkişaf edir. Aparıcı olan bu faktorlardır. Onların üst-üstə düşməsi münasibətləri strateji əməkdaşlıq səviyyəsinə gətirir və əbədiyaşar edir. Məsələn, Amerika - İngiltərə, Almaniya - Avstriya münasibətləri. Milli köklərlə bağlı olan bu dövlətlərin milli maraqlarının da eyni olması əməkdaşlığın yeni – “bir millət iki dövlət” formasını yaradır. Nəticədə hər zaman, dünyanın hər yerində, istər xeyirdə, istərsə də şərdə bu dövlətlər vahid mövqedən çıxış edir. Eyni sözləri formaca yeni, amma mahiyyətcə eyni olan Türkiyə - Azərbaycan əməkdaşlığı haqqında da demək olar. Bizim dövlətlərimiz də hər zaman və hər yerdə bir-birinə dəstək olur, çəkici bir yerə vururlar.

Qeyd etmək lazımdır ki, bu faktorların birinin olmaması münasibətlərin taleyinə əhəmiyyətli təsir edir. Əgər dövlətlər milli köklərlə bağlı deyillərsə, onları yalnız maraq birləşdirirsə, münasibətlər nə qədər yüksəlir-yüksəlsin, əbədi ola bilməz. Keçən əsrin məşhur dövlət xadimi U.Çörçil demişdir ki, dövlətin daimi dostları olmur, daimi maraqları olur. Yəni, bu maraqlar qurtaran yerdə dostluq da qurtarır. Götürək elə İran-Ermənistan münasibətlərini. Hazırda bu dövlətlərin məlum maraqları üst-üstə düşür, odur ki, münasibət qurur, əməkdaşlıq edirlər. Sabah isə maraq olmayanda, əməkdaşlıq da olmayacaq, çünki kökdən gəlmir.

Kökə bağlılıq olub maraq olmayanda da, əməkdaşlıq çətin olur, münasibətlər pozulur. Məsələn, Rusiya-Ukrayna münasibətləri kimi. Faktiki olaraq, eyni kökdən olan bu dövlətlərin köklü maraqları üst-üstə düşmədiyindən, hazırda bir məxrəcə gələ bilmirlər. Qeyd etmək lazımdır ki, burada dövlət başçılarının, milli liderlərin üzərinə böyük məsuliyyət düşür. Onlar tarixən qardaş olan xalqların maraqlarını uzlaşdıra, yaxınlaşdıra bilməlidirlər, buna xidmət etməlidirlər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinə xidmət etdiyi kimi.

Türkiyə-Azərbaycan münasibətləri xalqlarımızın tarixi qədər qədimdir və milli köklərə söykənir. Bizim dilimiz, dinimiz birdir, adət-ənənələrimiz eyni kökdən gəlir. Bu yaxınlıq, faktiki olaraq, qardaşlıq münasibətlərimizin tarixində də özünü göstərir. Hələ demokratik dövlət quruluşundan əvvəl, 1918-ci ildə erməni faşistləri rus bolşeviklərinin dəstəyi ilə Azərbaycanda qırğın törədəndə Türkiyə kömək əlini uzatdı və xalqımızı bu ağır fəlakətdən qurtardı. Azərbaycanda şərqin ilk demokratik respublikası qurulduqdan sonra da qardaş türk xalqı öz köməyini ölkəmizdən əsirgəmədi. Sadəcə olaraq, Avropa dövlətlərinin Türkiyəyə qarşı təcavüzü və türk dövlətçiliyinin təhlükə altına düşməsi rus bolşeviklərinə Azərbaycanı işğal etməyə imkan yaratdı. Əks halda, şübhəsiz ki, qardaş Türkiyə Azərbaycanın yanında olardı.

XX əsrdə ikinci dəfə tarixi şərait yarandıqdan və Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra da bu müstəqilliyi tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti oldu. Amma müstəqilliyin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi və xəyanətə bərabər səhvləri ucbatından Türkiyə-Azərbaycan münasibətlərinin özülü düzgün qoyulmadı. Bu “rəhbər”lərdən biri Türkiyəyə qarşı tam etinasızlıq nümayiş etdirdi, o biri isə “Azərbaycana nə olacaq-olsun, təki Türkiyə var olsun” dedi. Bir sözlə, siyasi səriştəsizlik radikal mövqelərə gətirdi. Türkiyə - Azərbaycan münasibətlərinə aydınlığı isə görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyev gətirdi. Məhz Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasəti - kiçik Azərbaycanın maraqlarını böyük Türkiyənin maraqları ilə uzlaşdıra bilməsi qardaş dövlətlərin münasibətlərində “bir millət iki dövlət” mərhələsinin əsasını qoydu. Təbii ki, burada Azərbaycan Prezidenti Heydər Əliyevlə Türkiyə Prezidenti Süleyman Dəmirəlin şəxsi yaxınlığı, dostluq-qardaşlıq münasibətləri də əhəmiyyətli rol oynadı.

Hər hansı ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən və ilk növbədə enerji təhlükəsizliyindən keçir. Əgər ölkənin, Türkiyə variantında olduğu kimi, milli enerji resursları məhduddursa, bu amil daha böyük əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycan liderinin 1994-cü ildə, “Əsrin müqaviləsi”ndən dərhal sonra böyük neft kəmərinin Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ceyhan limanına getməsi haqqında qərar verməsi Türkiyə dövlətinə böyük töhfə idi. Məlum olduğu kimi, həmin dövrdə Azərbaycan müxalifəti kəmərin İran ərazisindən keçməsində israr edir, Qərb isə erməni lobbisinin təsiri ilə Yerevan variantını dəstəkləyirdi. Rusiya isə bu layihənin iqtisadi yox, siyasi olmasında israr edir, böyük neftin ixracı üçün öz kəmərlərini təklif edirdi. Yalnız Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində çoxlarının nağıl hesab etdiyi Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı və Türkiyənin enerji təhlükəsizliyinin əsası qoyuldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi isə bu prosesi sona çatdırdı və milli enerji resursları məhdud olan Türkiyənin enerji təhlükəsizliyini, deməli, həm də iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi.

Hazırda Azərbaycanda Heydər Əliyev siyasəti davam edir. Heydər Əliyevin siyasi varisi İlham Əliyev bu siyasəti bütün istiqamətlərdə davam etdirir, o cümlədən qardaş Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Türkiyə - Azərbaycan münasibətləri siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də sürətlə inkişaf edir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını qoruyur, beynəlxalq layihələrdə birlikdə iştirak edirlər. Azərbaycan Prezidenti də bu məsələyə böyük əhəmiyyət verir.

2007-ci ilin dekabr ayında Azərbaycan, Türkiyə və Gürcüstanın yeni müştərək layihəsinin həyata keçirilməsinə başlanmışdır. Məlum olduğu kimi bu, “Qars-Axalkalaki-Tbilisi-Bakı” dəmir yolu layihəsi adlanır. Hazırda 400 milyon dollar civarında qiymətləndirilən bu layihənin reallaşmasına artıq başlanmışdır. Gələcəkdə isə dəmir yolunun birbaşa Avropaya çıxışını təmin etmək üçün Türkiyə hökuməti Bosfor boğazının altından keçən tunel çəkmək niyyətindədir. Şərqə doğru isə dəmir yolu Bakıdan Aktau limanına bərə ilə çıxacaq, Qazaxıstan və Orta Asiya ərazisi ilə Çinə kimi davam edəcək. Beləliklə, “Böyük ipək yolu”nun dəmir yolu ilə bərpa ediləcəyi, Avropadan Çinə birbaşa yol çəkiləcəyi, Azərbaycan və Türkiyənin bu yolun mərkəzi həlqələrinə çevriləcəyi gün uzaqda deyil.

Taleyin qismətindən Türkiyə ilə Azərbaycanın kökləri, maraqları bir olduğu kimi, düşməni də birdir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən, Dağlıq Qarabağa təcavüz edən Ermənistan Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, hələ bu azmış kimi, qondarma erməni genosidi məsələsini şişirtməkdən çəkinmir. Eyni zamanda tezliklə Türkiyə – Ermənistan sərhədlərinin açılacağı və bu zaman Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin şərt olmayacağı barədə bütün dünyaya car çəkir. Qardaş Türkiyə bu ciddi ittihamları dəf etməklə yanaşı, hər zaman olduğu kimi, yenə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işini dəstəkləyir. Türkiyə hökuməti Ermənistanla sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün üç şərt irəli sürür: Türkiyəyə qarşı haqsız torpaq iddiasına son qoyulmalı, tarixi faktlara və reallığa söykənməyən “erməni genosidi” məsələsi aradan qaldırılmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycana hazırkı səfəri çərçivəsində bu məqamı bir daha vurğulamış, Türkiyə – Ermənistan sərhədlərinin açılacağı barədə məlumatlara bir daha aydınlıq gətirmişdir: “Hər şeydən əvvəl demək istəyirəm ki, Türkiyənin Qarabağdan vaz keçdiyinin tələffüz edilməsi bizə böhtandır. Bu iftiranı bir daha rədd edirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz və əbədi olduğunu vurğulamışdır. Prezident qeyd etmişdir ki, Türkiyənin Baş nazirinin hazırkı səfəri bütün məsələlərə aydınlıq gətirmişdir: “Sirr deyil ki, son zamanlar Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı narahatlıq var idi. Amma ən önəmlisi odur ki, bu gün heç bir şübhəyə yer qalmadı. Türkiyənin baş naziri, prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirdilər”.

Qalib Arif
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar