Parlamentin yaz sessiyasının vaxtı uzadılacaq
15 may 2009 15:30 (UTC +04:00)

Parlamentin yaz sessiyasının vaxtı uzadılacaq

Milli Məclisin yaz sessiyasının vaxtı uzadılacaq.

Bu barədə məlumat APA-ya parlamentdən daxil olub. Məlumatda bildirilir ki, yaz sessiyasının bitməsinə iki həftə qalmasına baxmayaraq, çoxlu sayda qanun layihəsi qəbul edilməmiş qalır.

Belə ki, yaz sessiyanın qanunvericilik işləri planına daxil edilən “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Könüllülük fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların intizam həbsi haqqında”, “Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” və “Pambıqçılıq haqqında” qanun layihələri hələlik müzakirəyə çıxarılmayıb. Sözügedən qanun layihələrinin əksəriyyəti heç Milli Məclisin komitələrində belə müzakirə edilməyib.

Bundan başqa, yaz sessiyası ərzində müzakirəsi daha çox vaxt tələb edən və qəbul edilməsi vacib bir neçə məsələ də var. Buraya “2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi daxildir. Məlumata görə, artıq sənəd mayın 18-də millət vəkillərinə paylanacaq.

Yaz sessiyası müddətində baxılacaq məsələlərdən biri də İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsdiqlənməsi ilə bağlı olacaq. Qeyd edək ki, yaxın günlərdə Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatır. Parlamentin yaz sessiyasında yeni Ombudsman təsdiq edilməlidir.
Yaz sessiyasında müzakirəsi gözlənilən məsələlərdən biri də Dəvəçi rayonunun adının dəyişdirilməsi ilə bağlıdır. Xatırladaq ki, Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran adlandırılması hələ bir neçə ay əvvəl Milli Məclisin Regional məsələlər komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilsə də, məsələ bu günə qədər gündəliyə daxil edilməyib.

Yaz sessiyası başa çatana kimi isə Milli Məclisin üç iclasının keçirilməsi planlaşdırılır. Məlumata görə, iclaslar mayın 22, 26, və 29-da keçiriləcək. Yaz sessiyasının sonuncu iclasında parlamentin daxili nizamnaməsinə uyğun olaraq ən az 53 millət vəkilinin müraciəti ilə sessiyanın müddətinin iyunun sonuna kimi uzadılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar