Ərdoğan: “Türkiyə Qarabağdan vaz keçməz”
13 may 2009 17:00 (UTC +04:00)

Ərdoğan: “Türkiyə Qarabağdan vaz keçməz”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxış edib.

APA-nın xəbərinə görə, R. T. Ərdoğan Azərbaycanda özünü öz evindəki kimi hiss etdiyini, Bakıya ayaq basdıqları andan bəri qonaqpərvərlik gördüklərini söyləyib:
“Sizlərə yetmiş milyon qardaşınızın ürək dolusu salam və sevgilərini gətirdik. Ankaradan Bakıya, İstanbuldan Laçına, Bursadan Şirvana, İzmirdən Ağdaşa salam olsun. Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq, həmrəylik həm yaxşı gündə, həm də pis gündə, həm savaşda, həm də barışda davam edib. Birlikdə sevindik, birlikdə üzüldük, lazım gələndə birlikdə savaşdıq. Aramızda sarsılmaz bağlar var. Dilimiz, inancımız, adətlərimiz, mədəniyyətimiz birdir. Biz tarix boyu eyni nağılları dinləmişik, eyni mahnılarla böyümüşük, eyni rəqsləri oynamışıq. Atatürkün 1920-ci ildə bolşevik işğalı zamanı söylədiyi kimi, Azərbaycanın qəmi bizim qəmimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının məhz Ankarada olduğunu da xatırlatmaq istərdim”.

R. T. Ərdoğan iki ölkə və xalqın dost və qardaşlığına dair Azərbaycanın mərhum xalq şairi Bəxtiyar Vahabzadə və Türkiyənin tanınmış şairi Yavuz Bülənt Bakilərin yazdıqları misraları oxuyub. Millət vəkillərinə “can azərbaycanlı qardaşlarım” deyə müraciət edən hökumət başçısı bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr dünyada başqa hər hansı iki dövlətin münasibətləri ilə müqayisə oluna bilməz: “Kiminsə Azərbaycan-Türkiyə yaxınlığını mübahisə mövzusuna çevirməsinə icazə vermərik. Ancaq təəssüf ki, son vaxtlar yayılan bəzi xəbərlər vasitəsilə qardaşlığımızın kölgələnməsinə cəhd göstərildiyinə şahid olduq. Bir stəkan suda fırtına qoparıldı. Buna fevral ayında bir internet saytında dərc edilən xəbər səbəb oldu. Xəbər Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Qarabağdan vaz keçdiyini ifadə edirdi. Hər şeydən əvvəl demək istəyirəm ki, Türkiyənin Qarabağdan vaz keçdiyinin tələffüz edilməsi bizə böhtandır. Bu iftiranı bir daha rədd edirəm. Biz bu xəbərlərlə bağlı dəfələrlə açıqlamalar verdik. Mən parlamentimizdə öz mediamızın qarşısında, G-20 zirvəsinə qatılmaq üçün getdiyim Londonda isə beynəlxalq medianın qarşısında mövqeyimizi açıqladım. Bunlara baxmayaraq, yalan xəbərlər Türkiyə əleyhinə kampaniya səviyyəsinə qədər davam etdi. Diplomatiyada qayda var ki, bir proses müəyyən mərhələyə gələnə qədər ictimaiyyətə açıqlanmır. Bu, nəyisə gizlətmək deyil. Məsələn, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da ictimaiyyətə açıqlanmır. Türkiyə-Ermənistan danışıqları da bu baxımdan fərqli deyil. Bu məsələdə baş nazirin söylədiklərinə etibar edilməlidir, yoxsa bir saytın yazdıqlarına?”

R. T. Ərdoğan Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının səbəb-nəticə əlaqəsi olduğunu qeyd edib: “Nə zaman ki, Dağlıq Qarabağ tamamilə Ermənistan tərəfindən işğal olundu, o zaman Türkiyə-Ermənistan sərhəd qapısı bağlandı. Bu işğal aradan qalxdıqdan sonra qapılar açılacaq. Azərbaycanla razılaşma olmadan bu, mümkün deyil. Biz hakimiyyətə gələrkən nə düşünürdüksə, bu gün də onu düşünürük. Mərhum Heydər Əliyevin dilə gətirdiyi “bir millət-iki dövlət” prinsipi münasibətlərimizin təməlidir və bunda dəyişiklik yoxdur. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

R. T. Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərində bir qədər əvvəl yaranmış anlaşılmazlığı “kommunikasiya sıxıntısı” kimi qiymətləndirib. O, bu cür anlaşılmazlıqlara yol verməmək üçün bundan sonra Azərbaycan rəhbərliyi ilə ən yüksək səviyyədə birbaşa əlaqə saxlamağa üstünlük verəcəklərini açıqlayıb: “Media vasitəsilə əlaqə qurmaq yanlışdır”.

Türkiyənin baş naziri Ermənistanla münasibətlərdə heç vaxt Azərbaycanın mənafeyinə xələl gətirə biləcək addım atmayacaqlarını da bəyan edib: “İndiyədək Azərbaycan xalqının maraqlarını gözardı etmədik, bundan sonra da etməyəcəyik. Hər kəs rahat olsun. İşğal sona yetmədən Ermənistanla Türkiyə arasında normal əlaqələr qurulmasının mümkün olmadığını hər kəs bilir. Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sülh və sabitliyin yaranması da mümkün deyil”.

R. T. Ərdoğan çıxışını Türkiyə və Azərbaycanın dövlət himnlərindəki bəzi misraları oxumaqla bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar