Ərdoğan: “Azərbaycan qazının bizə 120 dollara satılması ədalətli deyil”
13 may 2009 12:15 (UTC +04:00)

Ərdoğan: “Azərbaycan qazının bizə 120 dollara satılması ədalətli deyil”

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündə və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

APA-nın xəbərinə görə, bunu İ.Əliyev və Ərdoğan keçirdikləri birgə mətbuat konfransında deyiblər. Ərdoğan Azərbaycanın təbii qaz məsələsində önəmli təchizatçı ölkə olduğunu vurğulayıb: “Bu sahədə ikitərəfli və regional anlaşmaları, gələcək addımları müzakirə etdik. Müvafiq nazirlər bir-biriləri ilə görüşdülər və görüşəcəklər. Gələcəklə bağlı çox güclü təməllərin atılmasına zəmin hazırlandı”.

Azərbaycan prezidentinə Türkiyəyə verilən təbii qazın qiymətinin artırılıb-artırılmayacağına dair sual verilib. Prezident İ.Əliyev deyib ki, bu məsələni bölgədəki proseslər, yaranan və ya yaranmaqda olan yeni vəziyyətlə əlaqələndirmək doğru deyil: “Qaz məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının uzun tarixi var. Müqavilələrə uyğun olaraq qiymətlərə vaxtaşırı yenidən baxılır. Qiymətin dəyişməsi dünyada neftin qiymətindən asılıdır”.

Azərbaycan jurnalistlərindən biri isə Türkiyənin başqa ölkələrdən təbii qazı yüksək qiymətlərlə aldığını xatırladaraq, Azərbaycan qazının hər min kubmetrinin 120 dollara alınmasının nə dərəcədə ədalətli olduğunu Ərdoğandan soruşub. Türkiyənin baş naziri bu qiymətin müqavilə imzalanarkən müəyyənləşdirdiyini və indiki şəraitdə ədalətli olmadığını söyləyib: “Tərəflərin bu məsələ ilə bağlı aparacağı danışıqlarda ədalətli rəqəm ortaya çıxacaq”.

İ. Əliyev isə Azərbaycanın ən azı 2 trilyon kubmetr qaz potensialına malik olduğunu, yeni quyuların qazılması ilə bu ehtiyatların iki dəfə arta biləcəyini söyləyib: “Biz qaz ixracı məsələsində diversifikasiya siyasəti aparırıq və bu, dost və qardaş ölkələrin də maraqlarına cavab verir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar