Politoloqlar Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edir - SORĞU
07 may 2009 17:00 (UTC +04:00)

Politoloqlar Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edir - SORĞU

Azərbaycan politoloqları bu gün ABŞ-ın Çexiyadakı səfirliyində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan baş tutmuş iki saat yarımlıq görüşü Lent.az-a şərh edib.

Müsavat başqanının müavini, politoloq Qabil Hüseynli deyib ki, bu görüşü ciddi görüşlər seriyasına aid etmək olar: “Çünki prosesin həlli üçün tərəflərdə iradə hiss olunur. Düzdür, tam ortaq məxrəcə gəlmək mümkün olmur. Yəni, problemi həll edəcək baza prinsiplərini müəyyənləşdirmək məsələsində fikir ayrılıqları hələ də qalır. Amma hər halda ABŞ-ın, Rusiyanın, eləcə də ümumilikdə Minsk qrupunun, həmçinin Türkiyənin fəal iştirak etməsi belə deməyə əsas verir ki, problemin həllində “mərhələli həll” adlanan variant işə düşə bilər. Ən azından Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş Azərbaycan torpaqlarının geriyə qaytarılması ilə bağlı razılaşma əldə edilə bilər. Eyni zamanda, prosesin sonrakı həlli ilə bağlı baza prinsipləri üzərində işlər daha da aktivləşə bilər”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, artıq Ermənistanın imitasiya imkanları tükənib: “Ancaq istər-istəməz Ermənistan ortalığa nə isə məsələ atıb ki, onun ətrafında iki saat yarım danışıqlar gedib. Ümid edək ki, bu, ermənilərin axırıncı fırıldağı, oyunudu. Ola bilər ki, görüşdə razılaşdırılmamış məsələlərdən biri, yaxud ikisi üzrə razılaşma əldə olunsun. Ən azından Laçın dəhlizi ilə bağlı məsələ razılaşdırıla bilər”.

Politoloq İlqar Məmmədovun sözlərinə görə, prezidentlərin söhbətini Rusiya tərəfi dinləyə bilməməsi üçün ABŞ səfirliyinin seçilməsinə baxmayaraq, Ermənistan hökuməti Rusiyadan təsdiqləmə almayınca, Qarabağ danışıqlarında sərbəst hərəkət edə bilməyəcək: “Hazırda Qarabağ məsələsilə bağlı hər hansı nikbinliyi bölüşmürəm. Çünki bunun üçün obyektiv şərait yetişməyib. Qarabağ məsələsinin tezliklə həll olunması heç də hamının marağında deyil”

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089

Oxşar yazılar