Aqşin Mehdiyev: “Hesabatın BMT-də müzakirəsi Azərbaycandan asılıdır”
22 dekabr 2010 16:09 (UTC +04:00)

Aqşin Mehdiyev: “Hesabatın BMT-də müzakirəsi Azərbaycandan asılıdır”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin BMT Baş Assambleyasında müzakirəsinin təxirə salınmasını normal hal kimi qəbul etmək lazımdır”.


Bu açıqlamanı APA-ya Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev verib. Onun sözlərinə görə, adətən, hər il sessiya başlayanda katiblik gündəlikdə olan məsələləri müxtəlif tarixlərə salır. Daha sonra həmin məsələyə aidiyyəti olan ölkə və ya qurum artıq müvafiq tarixi seçir və həmin tarixi katiblik müzakirə günü kimi təyin edir: “Bizdə də eyni vəziyyətdir. Biz sadəcə olaraq, dekabrın 13-də bu məsələnin müzakirə edilməsini məsləhət bilmədik. Çünki dəfələrlə bəyan etmişəm ki, həmsədrlərin Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən fakt araşdırıcı missiyasının məruzəsini gözləyirik. Məruzə hazır olandan və Azərbaycan tərəfə təqdim edildikdən sonra biz artıq öz fikrimizi bildirəcəyik. Məruzə ilə tanış olduqdan sonra mövzusundan, keyfiyyətindən asılı olaraq, biz qərarlarımızı verəcəyik”.


Azərbaycanın işğal altında olan ərizələrindəki vəziyyətlə bağlı ATƏT-in qiymətləndirmə missiyasının təqdim edəcəyi hesabatın BMT-də müzakirə edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıran səfir deyib ki, bu məsələ Azərbaycanın özündən asılıdır: “BMT-də müzakirə edilmə bizdən asılıdır. İndidən qabağa qaçmaq və əvvəlcədən heç nə demək istəməzdim. Məruzəni alaq, baxaq, görək necədir və daha sonra bu məsələyə qayıda bilərik. Mən bu hesabatı üzv dövlətlər arasında yaya bilərəm”.

Xatırladaq ki, 2005-ci ildə ATƏT-in qiymətləndirmə missiyasının hazırladığı hesabat BMT-də müzakirə edilib və bununla bağlı müvafiq sənəd qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar